Hansı evlilik daha uğurlu olur: Gənclərin seçimi, yoxsa valideyn məsləhəti?

SOSİAL
14:01 / 16.10.2025
48

"Müasir dövrdə bəzi gənclər öz seçimləri, bəziləri isə valideynlərinin məsləhəti ilə evlənirlər". 

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hər kəsin ailə həyatı fərqli olur:

"Hər kəs fərqli tərbiyədə böyüdülür. Bəziləri sərbəst öz seçimini edə bildiyi halda, bəziləri valideyn qərarından asılı olur. Bir çox gənc valideyni nə qədər çox israr etsə belə, öz seçimi olmayan şəxslə evlənməyi qəbul etmir. Lakin avtoritar ailədə böyüdülən uşaqlar istəməsələr də, qorxduqları üçün valideynlərinin seçimləri ilə razılaşmalı olurlar". 

Ekspert qeyd edib ki, əsasən erkən yaşda evləndirilən gənclər valideynin seçimi ilə ailə qururlar:

"Avtoritar ailədən əlavə, bir sıra inancları olan ailə modelləri də övladları artıq "həddi buluğa çatdıqda" evləndirirlər. Bu, yalnız qız övladına aid deyil. Oğlan övladlarını da məktəbi bitirdikdən həmən sonra evləndirir və ya nişanlayırlar. Belə hallarla bölgələrimizdə daha çox rastlaşırıq".

384163

Psixoloq diqqətə çatdırıb ki, evliliyin uğurlu olması hər iki halda da dəyişə bilər:

"Valideynlər də, gənclər də yanlış və ya əksinə doğru seçim edə bilərlər. Bəzən gənclər aldadıcı hisslərə qapılıb qərar verib evlənirlər. Amma o evlilik heç də yaxşı olmur. Nəticədə, ya boşanırlar, ya da öz seçimləri olduğu üçün susub həyatlarını puç edirlər. Bu hal valideynlərin seçimi ilə nəticələnən evliliklərdə də olur. Bir sözlə, hər iki halda da bənzər nəticə ortaya çıxa bilir".

Mütəxəssis vurğulayıb ki, evliliyin uğurlu olması üçün seçimi kimin etməyinin əhəmiyyəti yoxdur:

"Hər halda, evlilikdən əvvəl gənclər bir-birlərini tanımalıdırlar. Daha sonra isə evlilik öncəsi psixoloji müayinədən keçməlidirlər. 

Ümumiyyətlə, bəzi valideynlər övladlarının xoşbəxt olacağını düşündükləri üçün onları tez evləndirmək istəyirlər. Amma övladlarının həqiqətən evliliyə hazır olduqlarından əmin olmalıdırlar. Bir gənc fiziki, maddi, mənəvi və psixoloji olaraq evliliyə hazır olmalıdır. Gənclər də özlərini hazır etdiklərində evlənmək istəməlidirlər". 

Pərviz

0