"Bəzi qızlar uzun illər boyunca kimsəni bəyənməyib bütün elçiləri rədd edib xəyallarındakı oğlanın gəlməsini gözləyirlər".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən bəhs edib:
"Əslində, bir çox qız gənclik illərində xəyallarında, fantaziyalarında filmlər və ya seriallar əsasında bir obraz yaradırlar. Hər zaman yanında olacaq, onu sevən və rahat dərdləşə biləcəkləri oğlanı arzulayırlar. Bir növ, uzun illər ərzində həyatlarına filmlərdə, seriallarda gördükləri obraz kimi birinin daxil olmasını istəyirlər. Ona görə də gələn bütün elçiləri rədd edirlər".
Ekspert qeyd edib ki, bəzi qızlar isə evlənməkdən qorxurlar:
"Qurduqları ailənin yaxşı alınmayacağından ehtiyat edirlər. Evlənəcəkləri oğlanla xasiyyətlərinin uyğun olmayacağından, yanlış adamı seçməkdən, onunla düşüncələrinin üst-üstə düşməməsindən qorxurlar. Bu səbəbdən də bütün elçiləri rədd edirlər.
Bəzi qızlar isə xəyallarındakı oğlanın gəlməyini gözləməkdənsə, evlənməkdənsə, karyera və ya oxumağı daha üstün tuturlar. Düşünürlər ki, hədəflərini reallaşdırdıqdan sonra ailə qurmaları daha məntiqlidir".
Psixoloq onu da diqqətə çatdırıb ki, bəzi qızlar isə yaşları keçdikdən sonra xəyallarından imtina edərək sevmədikləri biri ilə evlənirlər:
"Onlar, zaman keçdikcə heç kimin möhtəşəm və ideal olmadığını görürlər. İki insanın bir yerdə xoşbəxt yaşaması üçün qarşılıqlı şəkildə güzəşt olmalı və bir-birlərinin istəklərinə əhəmiyyət verməlidirlər. Sevgi üçün fədakarlıq etmək lazımdır. Bəzi qızlar isə sevgi və reallıq arasında qalırlar. Sonda reallığı seçirlər.
Yəni sevgiyə deyil, qarşı tərəfin yaxşı insan olmasını, onun işinə və karyerasına daha çox önəm verirlər. Hətta sevginin zamanla yaranacağını düşünürlər. Beləliklə, xəyallarındakı obrazdan vaz keçib reallığa yönəlirlər".
Nabat Mirzəyeva vurğulayıb ki, bir çox halda da qızlar üzərində ailə və cəmiyyət basqısı olur:
"Qızlara yaşını keçməsinə rəğmən, evlənmədiyi və uşaq sahibi olmadıqları üçün təzyiq olur. Bu səbəbdən də bəzi qızlar artıq xəyallarındakı insanı deyil, qarşısına çıxan uyğun biri ilə ailə qurmağa razı olurlar. Onlar, xəyallarından imtina edərək, özlərinə uyğun biri ilə evlənməyə məcbur olurlar.
Əslində, bu da yanlışdır. Çünki insan həqiqətən nə istədiyini özündən soruşmalıdır. Xəyalındakı şəxsi ideallaşdırmadan, real şəkildə düşünməlidir. Onu anlayan, birlikdə vaxt keçirə biləcəyi, hüzurlu hiss etdiyi birini seçməlidir. Əsas odur ki, qarşılıqlı sevgi və hörmət olsun. Qalan məsələlər zamanla həll olar".
Pərviz