Azərbaycanda daşıyıcı ana "ovu" - Gənc xanımlar Gürcüstana niyə aparılır?

SOSİAL
23:59 / 18.10.2025
40

Azərbaycanda fəaliyyət göstərən mütəşəkkil dəstə qadınları surroqat (daşıyıcı) analıq yolu ilə pul qazanmaq təklifləri ilə şirnikləndirir. “Yeni Müsavat” “Minval Politika”-ya istinadla xəbər verir ki, bu məqsədlə qapalı icmalarda və sosial şəbəkələrdə anonim elanlar yerləşdirilir. Qadınlara 18 min dollar qarşılığında uşaq daşıyıcılığı - surroqat analıq təklif olunur.

Elan müəllifləri heç bir aldatma olmadığını vurğulayır. Onlar onu da bildirirlər ki, surroqat ana olmaq üçün qadın müvəqqəti olaraq Azərbaycanı tərk etməli olacaq. Yəni döllənmə, hamiləlik və doğuşun özü Tbilisidə baş verir. Başqasının uşağını daşıyan surroqat anaya hamiləliyin 35-ci həftəsindən sonra, yəni ölü doğum riski minimal olduqda ödəniş vəd edilir.

Saytın əməkdaşı özünü başqa müştəri kimi təqdim edərək, Azərbaycandan surroqat anaları işə götürən qrupun Gürcüstandakı nümayəndəsi ilə telefonla əlaqə saxlamağa nail olub. Telefona Azərbaycan dilində səlis danışan qadın cavab verib. Söhbət zamanı məlum olub ki, implantasiya yolu ilə hamilə qalma şansı ən yüksək olan 30 yaşdan kiçik gənc qadınlarla işləməyə üstünlük verirlər. Hamilə qadın üçün Gürcüstandan kənara səyahət qəti qadağandır. Təşkilatçılar icarə və tibbi müayinə üçün bütün xərcləri qarşılayacaqlarına söz verirlər.

Surroqat ana xidmətinə müraciət edənlərin kimliyi məlum deyil və onlar haqqında məlumat yoxdur. Yalnız bu sxemin təşkilatçıları belə məlumatlara sahibdirlər. Bütün prosedur məxfidir.

Surroqat analığın Azərbaycanın özündə yox, Gürcüstanda tətbiq edilməsi sualının cavabı sadədir. Bizdə surroqat analığı tənzimləyən qanun yoxdur. Ailə Məcəlləsində “surroqat ana” ifadəsi olsa da, konkret qaydalar yoxdur. Gürcüstanda isə 1997-ci ildən bu, qanuni sayılır. Qanunda o da vurğulanır ki, genetik materialın donoru və surroqat ana uşağın valideynləri kimi tanına bilməz.

Bəs daşıyıcı ana biznesinin gənc xanımlar üçün hansı tibbi və hüquqi fəsadları ola bilər? Dinimiz nə deyir?

Yada salaq ki, Azərbaycanda surroqat analığa icazə verilməsi ilə bağlı məsələ uzun müddət parlamentin və ictimaiyyətin müzakirə mövzusu olub. Amma bu qanun qəbul edilməyib. Qalmaqallı olduğu üçün hətta Milli Məclisdə də müzakirəsi yarımçıq saxlanılıb.

Həkim-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Surroqat ana olmaq istəyən şəxsi hamiləlik və doğuş gözləyir. Süni mayalanma ilə əldə edilmiş rüşeymin ana bətninə qoyulması, hamiləliyin əldə olunması və doğuş. Ana bətninə qoyulmamışdan əvvəl verilən dərmanlar çox cüzidir, onların demək olar ki, riski yoxdur. Rüşeymin ana bətninə qoyulması prosesi də riskli və çətin deyil, çox sadə bir proseduradır. Elmi dildə ona embrion transferi deyirik. Burada ən riskli hissə hamiləlik və doğuşdur. Hamiləliyin adi hamiləlikdən heç bir fərqi yoxdur. Başqa doğuşlarda nə risklər varsa, burada da odur. Gənc xəstələri seçmələrinin səbəbi odur ki, hamiləlik sağlıqlı keçsin, risklər minimal olsun. Çünki müəyyən yaşdan sonra risklər də artır, həm ana, həm döl üçün. Bu hamiləliklər keysəriyyə əməliyyatı ilə edilir. Hər bir hamiləlik anadan bir şey alır. Bəziləri elə bilir ki, hamiləlik yaxşı haldır, qadınlar cavanlaşır, bunlar mənasız söhbətlərdir. Əlbəttə, belə deyil. Hər bir hamiləliyin trombemboliya, qanaxma və nəhayət ölüm riski də var. Onsuz da buna gedən qadınlar qarşılığında ödənişi ona görə alırlar”.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137-ci maddəsi insan orqan və toxumalarının qanunsuz alqı-satqısını, qeyri-qanuni donorluq hallarını və transplantasiya əməliyyatlarını cinayət məsuliyyəti ilə cəzalandırır. Bu barədə isə hüquqşünas Ramil Süleymanovla söhbətimiz zamanı məlumat aldıq.

Hüquqşünas qeyd etdi ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna əsasən, müəyyən edilmiş şəxslərdən donor orqanlarının götürülməsinə icazə verilir. Lakin bu prosesin maddi maraq əsasında - pulla orqan alınması və ya satılması - qanunla qəti şəkildə qadağan edilib. Onun sözlərinə görə, bu cür qanunsuz alqı-satqı halları Cinayət Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, 6 min manatdan 9 min manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Ramil Süleymanov əlavə etdi ki, transplantasiya əməliyyatlarının aparılması üçün dövlət tərəfindən təsdiqlənmiş tibb müəssisələrinin siyahısı mövcuddur və yalnız həmin müəssisələrdə bu prosedurlar qanuni şəkildə həyata keçirilə bilər. Əgər qanunla qadağan olunmuş şəxslərdən orqan götürülərsə, bu halda cərimənin məbləği 9 min manatdan 15 min manata qədər arta bilər və şəxslər 4 ilə qədər azadlıqdan məhrumetmə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma hüququndan məhrumetmə ilə cəzalandırıla bilər.

O həmçinin vurğulayıb ki, Azərbaycan qanunvericiliyində surroqat ana (daşıyıcı ana) anlayışı hüquqi baxımdan tanınmır. Bu səbəbdən, bu sahədə edilən istənilən gizli razılaşmalar, o cümlədən surroqat ana vasitəsilə doğulan uşağın hüquqi qeydlərinin dəyişdirilməsi cəhdləri də qanuna zidd hesab olunur və cinayət məsuliyyəti doğura bilər.

İlahiyyatçı-alim Samid Quliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Tibbi ədəbiyyatda ”surroqat analıq" adlandırılan bu məsələ, daşıyıcı ana prinsipi əsasında qurulmuş və müasir tibbin təqdim etdiyi elmi yanaşmalardan biridir. Bu baxımdan, Qurani-Kərimdə, Sünnədə və həmçinin klassik dövr alimlərinin fətvalarında bu məsələyə dair birbaşa açıqlamalar yoxdur. Lakin müasir dövrdə, məsələyə dini və etik baxımdan aydınlıq gətirmək məqsədilə həm İslam Konfransı Təşkilatına bağlı Beynəlxalq Fiqh Akademiyası, həm də bir sıra müsəlman ölkələrin rəsmi fətva orqanları bu məsələni geniş şəkildə müzakirə ediblər. Hər iki istiqamətdə aparılan araşdırmaların nəticəsində belə qənaətə gəlinib ki, daşıyıcı analıq yolu ilə övlad sahibi olmaq İslam prinsiplərinə ziddir və caiz (icazəli) deyil. Fiqh mütəxəssisləri yalnız bir istisna halı qeyd edirlər: Ər-arvad arasında, yalnız kişinin sperması ilə öz arvadının yumurtasının laborator şəraitdə mayalandırılması və bu rüşeymin həmin qadının (yəni uşağın bioloji anasının) bətninə yerləşdirilməsi. Bu hal bəzi alimlər tərəfindən şəriətə uyğun hesab olunur, çünki burada üçüncü bir şəxsin cəlb olunması yoxdur və nəsəb qarışmır.

Bundan əlavə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində də “surroqat ana” anlayışı yer almır. Bu hal bir daha onu göstərir ki, bu tip yanaşmalar təkcə dini deyil, hüquqi və milli-mənəvi dəyərlərimiz baxımdan da ciddi etik və sosial risklər daşıyır. İstənilən halda, daşıyıcı analıq, xüsusilə qadın bədəninin vasitə kimi istifadəsi deməkdir ki, bu da insan istismarı kimi qiymətləndirilə bilər".
 

0