"Bəzi psixoloqlar üçün uşaqlarla, bəzilərinə görə də böyüklərlə seanslar daha rahat olur. Ancaq hər psixoloqun seçimi fərqlidir".
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzi mütəxəssislər üçün uşaqlarla işləmək daha təbii və enerjili gəlir:
"Onlar, oyunun, rəsmin və təxəyyülün dili ilə uşağın daxili dünyasına daxil olmağı sevirlər. Bu, həm yaradıcı, həm də çox səbir tələb edən bir prosesdir. Çünki uşaq duyğularını açıq demir, onları davranışlarında, baxışlarında və oyunlarda gizlədir. Psixoloq isə sanki bir "emosional detektiv" kimi bunları çözməlidir".
Lakin ekspert qeyd edib ki, bəzi psixoloqlar da böyüklərlə işləməyi üstün tutur:
"Çünki böyüklərlə emosional dialoq, introspeksiya və fərqindəlik səviyyəsi daha yüksək olur. Amma bu, o demək deyil ki ,proses daha asandır. Əksinə, böyüklərin illərlə formalaşmış müdafiə mexanizmlərini keçmək, onların "mən artıq hər şeyi bilirəm" düşüncəsini yumşaltmaq bəzən uşaqla işləməkdən də çətin olur".
Ülviyyə Ağazadə vurğulayıb ki, hər yaş qrupu özünəməxsus mürəkkəblik və gözəllik daşıyır:
"Uşaqla işləmək təməl formalaşdırmaq kimidir, böyüklə işləmək isə artıq formalaşmış təməldə dəyişiklik aparmağa bənzəyir. Hər bir psixoloq da öz xarakterinə, maraq sahəsinə və empatik yanaşmasına görə hansı istiqamətdə daha rahat olduğunu zamanla kəşf edir".
Psixoloq öz seçimini də etiraf edib:
"Mənim üçün uşaqların dünyasını kəşf etmək daha maraqlıdır. Onların duyğularını, düşüncə tərzini, oyun vasitəsilə özlərini ifadə etmələrini izləmək çox xüsusi bir hissdir. Uşaqdakı ən kiçik dəyişiklik belə həm psixoloq, həm də valideynlər üçün böyük sevincə çevrilir.
Valideynin "artıq daha rahat danışır", "indi qorxmur", "özünü daha yaxşı ifadə edir" deməsi psixoloq üçün ən gözəl nəticədir. Bu, həm uşağın inkişaf yolundakı parıltını, həm də ailənin daxilində yaranan yeni ümidin işığını göstərir. Buna görə də uşaqlarla işləmək mənim üçün təkcə bir peşə deyil, həm də insan ruhunun ən saf halını izləmək fürsətidir".
Pərviz