"Psixoloji şiddət bir şəxsin digər şəxsi alçaltmaq, qorxutmaq və ya idarə etmək məqsədilə etdiyi emosional və zehni təzyiq formasıdır".
Bunu Hit.az-a psixoloq Könül İsmayılova deyib.
O bildirib ki, psixoloji şiddətə məruz qalan şəxs bu vəziyyəti başa düşdüyü anda həmin insanı həyatından uzaqlaşdırmağa çalışmalıdır:
"Adətən “şiddət” dedikdə fiziki təzyiq başa düşülsə də, müasir cəmiyyətdə psixoloji şiddət geniş yayılmış sosial problemdir. Bir işçinin işinin daim tənqid olunması, görməzlikdən gəlinməsi və ya ona yersiz şəkildə yetersizlik hissi yaşadılması psixoloji şiddət sayılır. Qarşı tərəfin sərbəst davranmasına mane olmaq, onu tam nəzarətdə saxlamaq və həyatını idarə etməyə çalışmaq psixoloji şiddətdir. Psixoloji şiddət bəzən gizli formada ola bilər və qurban bunu dərhal anlaya bilməz. Xüsusilə, zorakılığı edən şəxs yaxın biri olduqda, şəxs bu davranışları normallaşdıra bilər".
Sevinc