Azərbaycanda psixologiya institutu yaradılacaq? - AÇIQLAMA

SOSİAL
12:52 / 22.10.2025
39

"Azərbaycanda psixologiya sahəsinin sürətlə inkişaf etdiyi bu dövrdə psixologiya institutunun yaradılması zəruri bir addım kimi görünür". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O fikirlərini belə əsaslandırıb:

"Bu institut yalnız təhsil mərkəzi kimi deyil, həm də psixoloji sağlamlığın inkişafına yönəlmiş araşdırmaların, elmi layihələrin, praktik proqramların mərkəzi ola bilər. Hazırda bir çox psixoloq öz ixtisaslarını xarici ölkələrdə təkmilləşdirməyə çalışır. Çünki ölkə daxilində dərin, sistemli və uzunmüddətli ixtisaslaşma imkanları məhduddur".

384638

Ekspert qeyd edib ki, psixologiya institutu həm nəzəri biliklərin, həm də praktik bacarıqların öyrədildiyi, nəzarət və superviziya proseslərinin olduğu bir mühit təqdim etməklə, bu boşluğu doldura bilər:

"Bundan əlavə, cəmiyyətimizin dəyişən sosial və psixoloji ehtiyaclarına cavab vermək üçün yalnız fərdi təşəbbüslərlə deyil, dövlət və ya akademik səviyyədə qurulmuş, davamlı və strukturlaşdırılmış bir sistemə ehtiyac var. İnstitut həmçinin etik kodekslərin tətbiqi, psixoloji xidmətlərin keyfiyyətinə nəzarət və psixoloji savadlılığın artırılması sahəsində mühüm rol oynaya bilər". 

Zəhra Zahidovanın sözlərinə görə, belə bir institutun yaradılması psixologiya sahəsi üçün çox faydalı olar:

"Nəticə etibarilə, belə bir institutun fəaliyyəti ölkədə psixoloji sahədə keyfiyyətli kadrların hazırlanmasına, elmi yanaşmanın güclənməsinə və cəmiyyətin psixoloji rifahının yaxşılaşdırılmasına ciddi töhfə verər".

Pərviz

0