Xoşbəxtlik həqiqətən də ömürü uzada bilər - ancaq yalnız müəyyən bir səviyyədən sonra.
HİT.az xəbər verir ki, bu nəticəyə Rumıniyadan olan tədqiqatçılar gəlib.
Onların məlumatına görə, subyektiv rifah hissi insan "Life Ladder" (Həyat Nərdivanı) xoşbəxtlik şkalasında ən azı 2,7 xal topladıqda sağlamlığa müsbət təsir göstərməyə başlayır. Araşdırma Frontiers in Medicine jurnalında dərc olunub.
Araşdırmanın rəhbəri professor Yuliya Yuqa bildirib: "Biz göstərdik ki, subyektiv rifah 2,7 xal həddi aşılandıqdan sonra ictimai sağlamlıq amili kimi işləməyə başlayır. Bundan sonra hər bir əlavə 1% xoşbəxtlik, qeyri-yoluxucu xəstəliklərdən ölümün təxminən 0,43% azalması ilə əlaqələndirilir".
Bu xəstəliklərə ürək-damar xəstəlikləri, xərçəng, astma və şəkərli diabet daxildir - onlar pandemiyalarla bağlı olmayaraq, dünyada ölümün əsas səbəbi olaraq qalır.
"Life Ladder" şkalası subyektiv xoşbəxtlik hissini 0-dan 10-a qədər qiymətləndirir, burada 0 "mümkün olan ən pis həyat", 10 isə "ən yaxşı həyat" deməkdir. Araşdırmaya daxil edilən 123 ölkə arasında orta göstərici 5.45, minimum göstərici 2.18, maksimum göstərici isə 7.97 olub.
Yuqa izah edib: "2.7 dəyəri aşağı həddə daha yaxındır - bu, 'ancaq öhdəsindən gəlirəm' səviyyəsidir. Lakin artıq bu hədddən başlayaraq xoşbəxtliyin artımı sağlamlığa öz əksini tapmağa başlayır".
Əhalisi öz həyatını bu hədddən yuxarı qiymətləndirən ölkələr, adətən, səhiyyəyə daha yüksək xərclər, davamlı sosial institutlar və aşağı bərabərsizlik səviyyəsi ilə fərqlənir. Tədqiqatçılar qeyd edir ki, havanın keyfiyyəti, piylənmənin qarşısının alınması və spirtin məhdudlaşdırılması kimi amillər birbaşa xoşbəxtlik səviyyəsinin artmasına və nəticədə ölümün azalmasına kömək edir.
Alimlər vurğulayırlar ki, xoşbəxtlik nəinki şəxsi hiss, həm də ölçülə bilən bir ictimai sağlamlıq resursu kimi qəbul edilə bilər.
Professor Yuqa qeyd edib: "Rifahın hədd qiymətinin müəyyən edilməsi səhiyyə və sosial siyasət strategiyalarını daha dəqiq işləməyə kömək edəcək. Xoşbəxtlik təkcə bir emosiya deyil. Bu, cəmiyyətin daha sağlam ola biləcəyi bir alətdir".
Samir