"Təhsili olmayan psixoloq psixoloq deyil".
Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
- Psixoloq Aydan Məmmədova kimdir?
- Psixoloq Aydan Məmmədova sahəsini sevən və öz peşəkarlığı ilə seçilən şəxsdir. Bəli, hər peşənin olduğu kimi psixoloq olmaq da peşəkarlıq tələb edir. Eyni zamanda, fərqli və inkişafda olan bir psixoloq hər zaman seçilir. Mən də beləyəm.
- Psixoloq olmağa necə qərar verdiniz və nə zamandan başladınız?
- Psixoloq olmağa abituriyent vaxtı qərar vermişdim. Çünki o zamandan insanları analiz etməyi, dinləməyi bacarırdım. İnsanlarla işləmək çox maraqlıdır, hələ onlara öz yaradılmışları göstərmək tamamilə zövqverici bir işdir. Hər kəs psixoloq ola bilməz. Psixoloq olmaq sadəcə təhsil almaqla da kifayət etmir. Üstəlik, psixoloq olmaq asan deyil.
"Pasiyent gəlib danışacaq bir neçə məsləhət verəcəm və bununla da işim bitəcək" kimi düşünmək doğru deyil. Əgər bu sözü bir psixoloqdan eşidirsinizsə, o, psixoloq deyil. Bu sözü insanlardan eşidirsinizsə ya əsl psixoloqla qarşılaşmayıb, ya da psixoloqun kim olduğunu bilmir. Ona görə ki, psixoloqun işi sadəcə dinləmək və məsləhət vermək deyil.
Ümumiyyətlə, psixoloq məsləhət verməz. Peşəkar dediyimiz psixoloq qarşısındakı şəxsin ruhunu öz şüuraltında "check-up" etməlidir. Psixoloq işi görülməyənləri görüb, pasiyentlərə göstərməkdir.
- Psixoloqlar evdə və şəxsi həyatlarında da psixoloq kimi davranırlar?
- Xeyr. Özünü dərk edən biri hər zaman hər yerdə psixoloq olaraq davranmaz. Əks halda, o şəxsin dostu, ailəsi, tanışları, sevgilisi və ya həyat yoldaşı onun yanında rahatlıqla danışmaz. Əslində, psixoloq adi həyatında sanki bütün bildiklərini unudur, analiz etməyi qabiliyyətini itirir qarşısındakı insan kimi davranır. Lakin seans zamanı bütün bilik və bacarıqlarını üzə çıxarır. Sanki psixoloqun beyninin içində 2 qapı var. Əgər hər zaman, hər yerdə psixoloq olaraq davranılsa həm özünü, həm də qarşı tərəf yormuş olar. O adamla həyatdan və söhbətdən zövq alınmaz.
- Siz bu səhvi etmisiniz?
- Bəli, mən də bu yanlışı tələbə vaxtı etmişəm. Qarşıma çıxan hər kəsi analiz etməyə çalışırdım. Onun intonasiyası, dediyi sözlərin ardıcıllığı, hər dediyi sözdə bədən dilini, göz hərəkətlərini və s. analiz edirdim.
Artıq müəyyən müddət sonra bu, beynimdə informasiya kirliliyinə gətirib çıxardı. Lazımlı olanları öyrənə bilmirdim. Bunu anladığım zaman buraxdım və lazım olduqda analiz etməyə başladım. Bəzən yaşamalı olduqlarımızı yaşamağa icazə verməliyik.
- Psixoloq olmağın mənfi tərəfləri nədir?
- Çox insan "Mənə baxanda nə görürsən? Psixoloji durumumu düzəltmək üçün nələr etməliyəm" kimi suallarla tez-tez qarşılaşırıq. Halbuki sərhədlərimizi qorumağı, doğru zamanda danışmaq üçün şərait yaratmağı bilmək lazımdır. Belə insanlara görə hər yerdə psixoloq olduğumuz üçün anımızı yaşaya bilmirik.
Ancaq psixoloq olmağın müsbət tərəfləri daha çoxdur. Ona görə başqa mənfi tərəfləri vurğulaya bilməyəcəyəm. Psixologiya elmi çox mükəmməl bir peşədir. İnsanın var olduğu hər yerdə psixologiya var. Psixologiya fəlsəfənin bir qoludur və onu yox saymaq mümkün deyil.
- Azərbaycanda psixoloqa olan maraq sizi qane edir?
- Ölkəmizdə psixoloqa inamın az olması bir qədər yanlışdır. Çünki son illərdə bu sahəyə maraq müəyyən qədər inkişaf edib. Lakin hələ də psixoloqa qarşı bəzi steroitiplər və yanlış fikirlərlə rastlaşırıq. Məsələn, yenə də psixoloqa "dəli həkimi" deyənlər var. Eyni zamanda, psixoloqu sadəcə məsləhət verən biri kimi təqdim edirlər.
Həmçinin, "Mən özümün psixoloquyam. Əgər müəyyən bir çətin yaşamdan keçib özümü sağaltmışamsa, mən də başqa insanlara məsləhətlər verə bilərəm. Psixoloq sadəcə pul üçün dinləyir. Psixoloq insana baxan kimi hər şeyi bilməlidir" kimi fikirlər hələ də var. Beıə düşüncələrə inanan şəxslər psixoloqu və psixologiya elmini qəbul etməyəcəklər.
- Əslində, müşahidələr psixoloqlara insanların sayının da az olmadığını göstərir...
- Bəli, psixoloqa inanan və psixologiya elmini dəyərləndirən şəxslər də var. Hansı ki, onlar özlərinin fərqində olduqları üçün nəsillərdir davam edən zənciri qırmaq istəyən şəxslərdir. Düşünürəm ki, hər bir şəxsin, ailənin və cütlüyün psixoloqu olmalıdır. Hazırda keçmiş illərlə müqayisədə psixoloqa qarşı münasibət düzəlib, amma bugünə nisbətən gələcək zaman da daha çox inkişaf edib dəyər veriləcək.
- Nə üçün psixoloq olmaq istəyənlərin sayı durmadan artır?
- Hazırda psixoloqların sayı çox görünür, buna görə də hər kəs psixoloq olmaq istəyir. Hərçənd ki, təhsili olmayan psixoloq psixoloq deyil. Psixoloq olmayan şəxslər də yanlış diaqnoz və müalicə metodu ilə yanaşaraq müraciət edən şəxsi nəinki sağaltmaq heç ona yaxşılıq belə edə bilməyəcək.
Unutmayın, yanlış terapiya iki qat travma yaşadır. İnsan həyatı ilə oynamaq cinayətdir. Psixoloq ruhla işləyir, ona düzgün yanaşmaq böyük məsuliyyət tələb edir. Ona görə psixoloqa müraciət etmədən öncə o şəxsin təhsili, nəticələri ilə maraqlanmaq lazımdır.
Hər kəsə öz doğru, peşəkar psixoloqunu tapmağı diləyirəm. Sadəcə kurs təhsili alan və ya müəyyən çətinliklərdən keçib bu sahəyə gələnlər özlərini psixoloq adlandırmasınlar. Ən azından bakalavr təhsili çox önəmlidir.
Pərviz