Psixoloq: Qadın yetkinliyini qəbul etmək üçün düşüncə tərzini dəyişməlidir

SOSİAL
21:50 / 24.10.2025
50

"Yaş stereotiplərini aşmaq və özünü qəbul etmək üçün qadın düşüncə tərzini dəyişməlidir".

HİT.az xəbər verir ki, bunu gazeta.ru-ya qadın psixoloqu, yaş psixologiyası üzrə ekspert, kinezioloq və insan sisteminə dair inteqrativ metodun müəllifi Mariya Rodnova deyib.

"Əvvəlcə başa düşmək lazımdır ki, yetkin və yaşlı dövr yalnız sosial-psixoloji bir anlayışdır. Öz gözəlliyini qəbul etmək və sevmək isə insanın özü ilə və inancları ilə apardığı dərin daxili işdir", deyə ekspert qeyd edib.

Rodnova qadınlara nəyin onları xoşbəxtlikdən saxladığı barədə düşünməyi məsləhət görüb. Onun sözlərinə görə, əgər insan cəmiyyətin gözəllik standartlarının təsirindən çıxıb diqqətini dəyişərsə, anlayar ki, gözəllik dartılmış bədəndə və ya hamar dəridə deyil, parlayan gözlərdə, həyat təcrübəsində və daxili gücdə gizlənir.

Psixoloq vurğulayıb ki, qadın özünə və bədəninə qayğını davam etdirməlidir, lakin bunu gəncliyi bərpa etmək deyil, sevgi ritualları kimi qəbul etməlidir:

"Özünüzə və bədəninizə qulluq etməyə davam edin, idmanla sağlamlığınızı qoruyun, amma bunu zövq üçün edin, zamanı geri çevirmək üçün yox. Dərinin nəmləndirilməsi, üz masajı, gimnastika, düzgün qidalanma və kifayət qədər yuxu — bunlar gəncliyin deyil, sağlamlığın və enerjinin göstəricisidir".

Ekspertin fikrincə, qadın özünü yalnız onu ruhlandıran və yaşını qəbul edən insanlarla əhatə etməlidir.

"Daim qocalıqdan şikayətlənən və ya başqalarını qınayan insanlardan uzaq durun. Ailədə şəxsi sərhədlərinizi qoruyun. Əgər kimsə sizin özünüzə qayğınıza gülürsə, ya da bu barədə mənfi fikirlər bildirirsə, onu dərhal dayandırın və sərhədlərinizi müəyyən edin. Qətiyyətlə deyin ki, bu davranış sizi incidir. Sizə mənfi təsir göstərən, ruh düşkünlüyünə səbəb olan toksik insanlardan uzaqlaşın", deyə psixoloq vurğulayıb.

Samir
 

0