Telefon artıq sadəcə ünsiyyət vasitəsi deyil - o, gündəlik həyatımızın bir hissəsinə çevrilib: təqvim, xəbərlər lenti, kamera, sosial əlaqə mərkəzi və bəzən də əhvalımızın “güzgüsü”.
HİT.az-ın məlumatına görə, “Psychology Today” üçün yazan lisenziyalı ailə terapevti Codi Eyr qeyd edir ki, əksər insanlar oyanan kimi telefonlarını yoxlayır və yatarkən belə onu yanında saxlayır. Gün ərzində ekranla yüzlərlə dəfə təmasda oluruq - bir-birimizə toxunduğumuzdan daha çox.
Eyr-in fikrincə, bu vərdişlər ünsiyyət anlayışımızı da dəyişib. Artıq yaxın bir insan mesaj göndərdikdə, cavabın nə qədər tez gəlməli olduğu barədə ümumi bir qayda yoxdur. “Salam” və ya “Necəsən?” kimi mesajlar qayğı ifadəsidir, dərhal cavab tələb etmir, lakin cavabın uzun müddət gəlməməsi narahatlıq doğurur — xüsusən mesajda diqqət tələb edən bir mövzu varsa.
Terapevt izah edir ki, insan beyni sükutda da məna axtarmağa meyllidir. Mesajın oxunduğunu görüb, amma cavab gəlmədiyini görəndə, beynimiz bu davranışı izah edən fərziyyələr qurmağa başlayır. “Cavabsızlıq” çox zaman rədd edilmə forması kimi qəbul edilir. Eyr bildirir ki, bu, təbii sinir sistemi reaksiyasıdır, çünki emosional əlaqə təkcə söz mübadiləsi deyil, həm də qarşılıqlı təsdiqdir.
Hətta söhbətə hazır olmadıqda və ya nə cavab verəcəyinizi bilmədikdə belə, mesajın qəbul olunduğunu qısa şəkildə bildirmək vacibdir. “Mesajını oxudum və bu barədə düşünəcəyəm, sonra şəxsən danışarıq” kimi sadə bir cavab belə gərginliyi azalda və inamı qoruyub saxlaya bilər.
Emosional mesajlara səssizliklə cavab vermək çox vaxt uğursuz sözlərdən daha çox incidə bilər. Əgər “cavabsızlıq da cavabdır” prinsipini qəbul ediriksə, onun təsirini etiraf etmiş oluruq. Lakin səssizlik yerinə qısa bir təsdiq seçmək qarşılıqlı əlaqəni möhkəmləndirir və qarşı tərəfə emosional təhlükəsizlik hissi verir.
Samir


