Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Burada göstərilir ki, özəl sektorda çalışan şəxslər üçün tətbiq edilən vergi güzəşti 7 ildən sonra ləğv olunsa da, DSMF ayırmalarına tutulan məbləğdə heç bir dəyişiklik gözlənilmir.
Hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan 8000-ə qədər olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir. Sosial sığorta haqqının dərəcəsində dəyişiklik edilməyəcəyi üçün gələn il də eyni DSMF ayırmaları ödəniləcək.
Xatırladaq ki, gələn ildən özəl sektorda çalışan şəxslər əlavə olaraq 3 % də gəlir vergisi ödəyəcək.
Həm gəlir vergisi, həm DSMF ayırmalarına tutulan məbləğdə dəyişiklik olmaması vətəndaşlar üçün hansı problemlər yaradacaq?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a bildirib ki, gəlir vergisi ilə DSMF ödənişi fərqlidir, ancaq birini tətbiq edib, digərini yığışdırmaq anlayışı ola bilməz:
“DSMF pensiya fondunu formalaşdırır, gəlir vergisi də bütün dünyada var. Sadəcə olaraq, bizdə bunu müəyyən dövrdə ona görə yığışdırmışdılar ki, sahibkarlıq sinfi inkişafa doğru getsin. İndi baxaq görək bunu tətbiq edəndə qeyri-neft sektorumuz hansı səviyyədə idi, indi hansı səviyyədə olmalıydı.
Yəni neft amilindən asılılığın fərqini göstərməliyik. Görürük ki, elə bir ciddi dəyişiklik yoxdur. Dövlət Statisitika Komitəsinin göstəricilərinə əsasən, hazırda ölkənin ixracının 90 faizini neft və neft məhsulları təşkil edir. Bunu biz tətbiq edəndə də mövcud vəziyyət belə idi.
Əgər indi yeni qaydanı özəl sektorda tətbiq etməyə başlayırıqsa, nə baş verəcək?
Birincisi, müəyyən sövdələşmələr başlanacaq. İşi verənlə işi qəbul edən tərəf danışıqlara gedəcək ki, “gəl, qeyri-rəsmi hissəsini mənə ödə”. Ya da “kölgə iqtisadiyyat”a qayıdacağıq. Biz nəticəni yerinə yetirməliyik. Kiçik və orta sahibkarlığın qeyri-neft sektorunda dayanıqlılığını təmin etməliyik. Necə təmin etməliyik ki, o bizim büdcə gəlirlərində öz əksini tapsın.
O ixracda, daxili dövriyyədə öz əksini tapmırsa, demək bu baş tutmayıb. Bu cür şərait olduğu halda həmin qaydanı tətbiq etmək, yenidən özəl sektoru problemli vəziyyətə sürükləyəcək. Heç kimə sir deyil ki, bu gün ölkədə əsasən də xidmət sektorunda 400 manat əməkhaqqı üzərindən qurulan maaşlar var. Yəni 1200 manatlıq işi 3 yerə bölürlər, deyirlər ki, 3 iş yeri var. Reallıqda bu belə deyil. Hesab edirəm ki, indiki vəziyyət bu qərar əks effekt verəcək.
“Gizli iqtisadiyyat”ı stimullaşdırmaqla işi verən tərəflə, işi qəbul edən tərəf arasında müəyyən sövdələşmələrə yenidən yol açılacaq. Bu da arzuolunmaz bir vəziyyətdir. Əslində biz bunu tamamilə elə bir vəziyyətdə tətbiq etməliyik ki, vergi aktual olsun. Yəni büdcəmizə, iqtisadiyyatımıza sağlam gəlir gətirsin. Əgər bu dolayı yolla iqtisadiyyatımıza ziyan vuracaqsa, onun təbiqi bir qədər də gözləyə bilərdi”.
Onun sözlərinə görə, vergi iqtisadiyyatın onurğa sütunudür:
“Ancaq vətəndaşların gəliri və xərci bir-birini tamamlamayanda, tarazlıq pozulanda insanlar bütün vasitələrlə vergidən qaçmağa çalışırlar. Bu, aksiomadır. Bizdə özəl sektorda iş yerlərinin dayanıqlığının olmaması, qeyri-neft sektorunda dayanıqlı inkişaf getmədiyi bir mühitdə bu vergilərdən stimullaşdırıcı məqamlarla keçid etmək lazımdır. Belə etmək olmaz. Bunun vaxtında aradan qaldırılması çox düzgün addım idi. Sadəcə bunu etdiyimiz dövrdə nailiyyətlərimizi tam həyata keçirə bilməmişik.
Bu gün iş yerlərinin sayı reallıqda dəfələrlə çox olsaydı, eyni zamanda maaşlar minimum 400 deyil, 800 olsaydı bunu tətbiq etmək olardı. Bu qayda sağlam mühitdə tətbiq olunmalıdır. 600 manat əməkhaqqı alandan həmin pul tutulacaqsa, o da elə minimum əməkhaqqı olur. Beləliklə, biz minimum əməkhaqqı alan sinifin həcmini artırırıq. Bizdə büdcədə qeyri-neft sektorunun həcmi 40 faizə qalxmalıdır. Əslində stimullaşdırmaq lazımdır ki, bu qalxsın”.


