Tədqiqatçılara görə, ailədəki ilk qız övladlar — yəni böyük bacılar — digər uşaqlardan daha tez yetkinləşirlər. Lakin bu erkən yetkinlik, çox vaxt xoşbəxtliyə mane olan bir xüsusiyyətlə müşayiət olunur: həddindən artıq məsuliyyət hissi.
Hit.az "HuffPost"a istinadən xəbər verir ki, belə davranış modeli “böyük bacı sindromu” (ing. eldest daughter syndrome) kimi tanınır. Bu, bir çox qadınlara tanış vəziyyətdir — uşaqlıqdan ailədə “böyüklərin” işlərini öz üzərinə götürmək, qayğıkeş, məsuliyyətli və mükəmməl olmaq tələbi.
Niyə yaranır “böyük bacı sindromu”?
Kaliforniyalı ailə və nikah terapevti Natalya Mur izah edir ki, böyük qızlar çox vaxt ailə üzvləri üçün — həm kiçik bacı-qardaşları, həm də valideynləri üçün — həddindən artıq məsuliyyət daşıyırlar.
Onlar adətən görünməz ev işlərini, ad günü hədiyyələrini, ailə tədbirlərini planlaşdırmağı və ailə harmoniyasını qorumağı öz öhdələrinə götürürlər. Bu vərdişlər isə sonradan iş həyatına və şəxsi münasibətlərə də sirayət edir.
Teksasdan olan terapevt və kouç Danika Harrisin sözlərinə görə, çoxuşaqlı ailələrdə böyük qızlar tez-tez “ikinci valideyn” rolunu oynayır:
“Analarla böyük qızlar arasında elə bir koalisiya yaranır ki, sanki evdə iki nəfər ailəni idarə edir.”
Belə vəziyyətdə qız uşağına tez-tez “sənə görə heç vaxt narahat olmuram” deyilir. Bu isə onun daxilində “mən başqalarını narahat etməməliyəm” hissini gücləndirir — nəticədə öz duyğularını və ehtiyaclarını boğur.
Necə təsir edir bu vəziyyət xoşbəxtliyə?
Psixoloqlar bildirirlər ki, bu daimi məsuliyyət hissi insanı tükəndirir. Onlar narahatlıq, depressiya və emosional yanma yaşayırlar, həmçinin özlərini “yetərincə yaxşı” hesab etmədikdə güclü günahkarlıq hissi keçirirlər.
Mur qeyd edir:
“Bir insan öz üzərinə bacardığından çox məsuliyyət götürəndə, o, tez yorulur, özünü tükənmiş və bədbəxt hiss edir".
Necə öhdəsindən gəlmək olar?
Psixoloqların məsləhətinə görə, ilk addım öz rolunu dərk etməkdir — nəyi xoşladığını, nəyin isə səni sıxdığını başa düşmək.
Daha sonra:
Hər şeyi təkbaşına etməyə çalışma. Başqalarına da məsuliyyət paylaşmağa imkan ver.
Sərhədlər qoy. Hər “bəli” demək lazım deyil.
Öz dəyərlərinə yenidən bax. Uşaqlıqdan qalan “mən hər şeyi idarə etməliyəm” inancını burax.
Murun sözləri ilə desək:
“Həqiqi dəyişiklik sərhədlər qoymaqdan və öz rolunu elə yenidən düşünməkdən başlayır ki, bu, sənin dəyərlərinlə və həyatında istədiklərinlə uyğun olsun".
Samir


