Azərbaycanda fəaliyyət göstərən və maraqlı tədqiqatları ilə tanınan Business Insight şirkəti bu il “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırma ilə ölkə əhalisinin rəqəmsal davranış vərdişlərini təhlil edib. Belə ki, tədqiqat mobil operator, bank və onlayn ticarət tətbiqlərindən istifadə tendensiyalarını, insanların bu ekosistemdəki seçim və üstünlüklərini ortaya qoyur. Görünən odur ki, Azərbaycan insanı artıq rəqəmsal dünyanın içindədir – respondentlərin 83%-i bank, 73%-i mobil operator, 47%-i isə onlayn ticarət tətbiqlərindən aktiv istifadə edir.
Bu rəqəmlər təkcə texnologiyanın inkişafını deyil, həm də insan şüurunun necə dəyişdiyini göstərir. Mobil tətbiqlər indi sadəcə bir vasitə deyil — emosional sabitlik və nəzarət hissi yaradan, insan davranışını incə şəkildə formalaşdıran bir mühitə çevrilib. Bəli, mobil tətbiqlər bizə rahatlıq və təhlükəsizlik hissi bəxş edir, amma bu hiss çox zaman illüziya kimidir. Sanki hər kliklə dünyanı idarə edirmişik kimi görünür, halbuki sadəcə sistemin təklif etdiyi variantlar arasında seçim edirik. Biz özümüzü azad sayırıq, amma texnologiya çox incə şəkildə davranışlarımızın ritmini təyin edir. Bu, rahatlıq içində yaranan görünməz bir gərginlikdir.
İstəyərdim bu fikirlərimə tədqiqatın sualları və topladığı rəqəmlərlə təsdiq gətirim.
Klik mədəniyyəti və ani rahatlıq illüziyası
Araşdırmanın nəticələrinə əsasən, istifadəçilərin 82%-i mobil operator tətbiqlərindən “internet paketi almaq” və “balans artırmaq” kimi əməliyyatlar üçün istifadə edir. Bu, sadə texniki davranış kimi görünsə də, psixoloji cəhətdən ani mükafat mexanizmi ilə izah olunur.
Hər klik beyində dopamin ifrazını artırır, bu da qısa müddətli məmnunluq və nəzarət hissi yaradır. Beləliklə, insan düşünür ki, sistemi idarə edir, amma əslində texnologiya onun davranış nümunələrini formalaşdırır. Bu, müasir dövrdə “kontrol illüziyası” adlanan bir paradoksdur.
“Birbank effekti”: rəqəmsal etibar və bağlılıq hissi
Bank tətbiqləri arasında “Birbank” 82%-lə açıq liderdir. Bu uğurun kökündə təkcə texniki rahatlıq deyil, emosional etibar dayanır. İnsan üçün etibarlı və sabit tətbiq artıq bank deyil, rəqəmsal tərəfdaş rolunu oynayır.
Bu, psixologiyada “təhlükəsiz bağlanma” mexanizminin rəqəmsal təzahürüdür. İnsan tətbiqdə sabitlik tapdıqca, onunla emosional əlaqə qurur və həmin platformanı digər alternativlərə üstün tutur.
Qadın duyğusu və kişi rasionallığı
Araşdırma göstərir ki, onlayn ticarət tətbiqlərinin istifadəçiləri arasında qadınlar 62%, kişilər isə 38% təşkil edir. Qadınlar daha çox “Trendyol”, kişilər isə “Temu” platformasına üstünlük verirlər.
Bu fərq alış davranışının emosional və rasionallıq əsaslı qərarvermə fərqini nümayiş etdirir. Qadın alış-verişdə vizual təqdimat, rəng və harmoniya axtarır; kişi isə funksionallıq, qiymət və məqsəd yönümlü seçim edir. Rəqəmsal mühit bu fərqi daha da dərinləşdirərək davranış modellərini sabitləşdirir.
Rəqəmsal stress və səbrsizlik dövrü
İstifadəçilərin 18%-i mobil tətbiqlərin “donması”, “xəta verməsi” və “gec açılması” kimi hallardan narazıdır. Əslində bu, texniki problem deyil, rəqəmsal stressin simptomudur.
Beyin sürətə adaptasiya olunduqca, hər ləngimə “rədd cavabı” kimi qəbul edilir və mikro aqressiya yaradır. Bu, səbrsizlik, diqqət dağınıqlığı və emosional gərginliyin artmasına səbəb olur.
Rəqəmsal komfortun qiyməti bəzən emosional balansın pozulması ola bilir.
Brendlərlə emosional münasibət
Tədqiqat nəticələri göstərir ki, istifadəçilər “Azercell”i sürətli və rahat, “Bakcell”i yenilikçi, “Nar”ı isə istifadəçi dostu kimi qəbul edirlər.
Bu fakt bir daha sübut edir ki, insanlar artıq şirkətlə deyil, onun tətbiqi ilə emosional münasibət qururlar.
Bu hal psixologiyada “antropomorfizm” adlanır — yəni insan texnologiyaya insan xüsusiyyətləri yükləyir, onunla emosional əlaqə qurur.
Nəticədə tətbiqlər artıq xidmət vasitəsi deyil, emosional bağlılıq obyektinə çevrilir.
Nəticə
Bugünün insanı texnologiyanın idarə etdiyi deyil, onu şüurlu şəkildə idarə etməyi bacaran fərd olmağı öyrənməlidir. Bu, yalnız cihazlarla deyil, öz diqqəti, emosiyaları və seçimləri ilə münasibəti tənzimləmək deməkdir. Texnologiyanın ritmini həyatın ritminə çevirməmək artıq lüks deyil — mənəvi məsuliyyətdir.
Rəqəmsal dünyada balans tapmaq artıq texnoloji bacarıq deyil, zehni və emosional yetkinliyin göstəricisidir. Çünki bəzən ən böyük yenilik — ekranı söndürüb özünü dinləməkdir.
Ən başda dərk etməli olduğumuz isə budur: insan texnologiyaya nəzarət etdikcə deyil, ondan asılı olmadığı qədər azaddır.
Psixoloq Lalə Natiq


