İnsanın dəyişiminin başlanğıcı – düşüncələrindədir

SOSİAL
12:59 / 28.10.2025
76

Keçmişin diktəsini dəyişmək mümkündür!

İnsanı dəyişdirən hadisələr deyil, o hadisələrə necə yanaşmasıdır. Bəzən eyni təcrübə birini sındırır, digəri isə həmin sınaqdan böyüyür. Həyatda baş verənlər hamımıza eyni dərəcədə gözlənilməzdir, amma onların içimizdə yaratdığı mənzərə hər kəsdə fərqlidir. Fərq hadisələrdə deyil, insanın içində baş verənlərdədir.

Psixologiya bu fərqi çoxdan izah edib. Koqnitiv yanaşma deyir ki, insanı narahat edən hadisələr deyil, həmin hadisə haqqında düşündükləridir. Amma insanın düşüncələrinə təsir edən görünməz bir sahə də var — şüuraltı. Ziqmund Freydin psixoanalitik nəzəriyyəsi bu görünməz qatın insan həyatındakı rolunu açdı. O deyirdi ki, biz çox vaxt öz davranışlarımızın, qorxularımızın, hətta seçimlərimizin səbəbini dərk etmirik, çünki onların kökü uşaqlıqda formalaşan və şüurdan kənarda qalan təcrübələrdə yatır.

Bəzən insan eyni vəziyyətlə dəfələrlə qarşılaşır və “niyə həmişə mənim başıma gəlir?” deyə düşünür. Cavab bəzən taledə deyil, şüuraltı ssenaridədir. Freydin fikrincə, insan bu ssenariləri tanımadığı müddətcə, onları təkrar yaşamağa məhkumdur. Elə buna görə də, kiminsə davranışı, münasibəti və ya hadisələr qarşısında verdiyi reaksiyalar bəzən ağlın deyil, şüuraltı travmaların diktəsi olur.

Bu baxımdan, “bizim bu gün olduğumuz halda kimlərsə günahkardır” düşüncəsi həm doğru, həm də natamamdır. Doğrudur, çünki uşaqlıqda aldığımız emosional zədələr, valideyn münasibətləri, cəmiyyətin basqıları insanın psixoloji quruluşunu formalaşdırır. Amma natamamdır, çünki yetkinlik dövründə artıq seçim azadlığı yaranır: keçmişin diktəsini dəyişmək mümkündür.

Elə burada psixologiyanın daha müasir bir istiqaməti — Koqnitiv Davranış Terapiyası (CBT) ortaya çıxır. Bu yanaşmanı Albert Ellis və Aaron Beck inkişaf etdirdilər. Onlar göstərdilər ki, insanın əzabının kökü hadisələrdə deyil, həmin hadisələri necə dəyərləndirməsindədir. Ellis bunu “irrasional inanclar” adlandırırdı – yəni reallığa uyğun olmayan, lakin insanın içində kök salmış düşüncə qəlibləri. Beck isə bu fikri klinik praktikaya gətirərək göstərdi ki, mənfi avtomatik düşüncələr dəyişdirildikdə, emosional vəziyyət və davranış da dəyişir.

Koqnitiv Davranış Terapiyası bu gün dünyada ən təsirli psixoterapiya istiqamətlərindən biri sayılır. O, insana düşüncə, duyğu və davranış arasında əlaqəni görməyi öyrədir. İnsan hadisəni dəyişə bilmir, amma hadisəyə verdiyi mənanı dəyişməklə daxili gücünü bərpa edir. Bu, psixologiyanın ən real və şəfalı mesajıdır: “Sən düşündüyünü dəyişməklə, özünü də dəyişə bilərsən.”

İnsan bəzən öz ağrısının içində elə dərinə enir ki, oradan çıxmaq üçün təkcə güc deyil, baxış da dəyişməlidir. Hər kəsin içində bir şəfa mexanizmi var – bəziləri o səsi eşidib öz yolunu tapır, bəziləri isə hələ o səssiz çağırışı duymur. Həyatın ən çətin anlarında insanın ən böyük müttəfiqi onunla yanaşı addımlayan, onu öz dərinliklərinə baxmağa təşviq edən peşəkar ola bilər. Psixoloq insanın yerinə düşünmür, onun düşünməyə cəsarətini oyadır.

Bəzən biz “düzəlmək” deyil, sadəcə “anlaşılmaq” istəyirik – və anlayışdan şəfa doğur. Həyat əslində bizi dəyişmir; bizi dəyişdirən, baş verənlərə baxarkən öz baxışımızın necə dəyişdiyini dərk etməyimizdir. İnsan düşüncələrini yenidən qurduqda, şüuraltının zəncirləri çözülür, və o zaman dünya da, taleyimiz də fərqli rəng alır. Dəyişimin başlanğıcı məhz o andadır – insan öz fikirlərini azad etdikdə, həyat da onunla birgə azad olur və bəzən bu azadlığa aparan yol, insanın bir peşəkarla birgə özünü kəşf etməyə cəsarət göstərdiyi o ilk söhbətlə başlayır. Hər kəsin hekayəsində bərpa, yenilənmə və şəfa üçün yer var — sadəcə, bəzən bu yol psixoloqun kabinetinə atılan bir addımla başlayır. Bəzənsə bir fikir bu yola çıxmağa bəs edir: “Dəyişmək keçmişi unutmaq deyil, onu yeni mənada anlamaqdır.”

Psixoloq Lalə Natiq

 

 

 

0