İnsan beynində sükut sadəcə səssizlik deyil, aktiv düşünmə və emal prosesidir.
Neyroelmi tədqiqatlar göstərir ki, biz susduğumuz zaman beynin default mode network adlanan hissəsi – yəni daxili dialoq və refleksiya ilə bağlı neyron sistemi – daha aktiv olur.
Bu, o deməkdir ki, sükut anlarında beynimiz əslində “boş” qalmır; o, məlumatları, duyğuları və təcrübələri emal edir, keçmişlə bu günü birləşdirir, gələcək davranışlara hazırlıq görür.
Susmaq, zehni fasilə vermək kimidir. Bu fasilə zamanı bədən kortizol – stres hormonu – səviyyəsini azaldır, parasempatik sinir sistemi, yəni bədənin bərpa mexanizmi aktivləşir.
Ona görə də səssizlik çox vaxt insanı sakitləşdirir, qərarverməni asanlaşdırır və emosional tarazlığı bərpa edir. 
Beyin bu vəziyyətdə homeostaz adlanan daxili sabitlik halını yenidən qurur. 
Elmi dillə desək, səssizlik beyindəki “gürültünü” azaldır və prefrontal korteksin, yəni düşüncə və idarəetmə mərkəzinin fəaliyyətini gücləndirir.
Səssizlik həm zehni, həm bioloji, həm də emosional bərpa mexanizmidir.
Psixoloji baxımdan susmaq çox vaxt daxili tənzimləmə və emosional özünümüdafiə üsuludur. Beyin yüksək gərginlik anlarında bəzən danışmağa icazə vermir – bu, enerjini qoruma və daxili balansı bərpa etmə cəhdidir.
İnsan o anda öz iç səsinə qayıdır, “mən nə hiss edirəm?”, “nəyə reaksiya verirəm?” suallarına cavab tapmağa çalışır.
Bu cür sükut qorxudan doğmursa, əksinə, özünü dərk üçün fasilədirsə, o, şəfaverici təsir daşıyır. Çünki , bu anlarda insan öz fikirlərini müşahidə etməyi, hisslərini adlandırmağı və onları tənzimləməyi öyrənir.
Səssizlik həm də emosional intellektin inkişaf mərhələsidir – danışmadan müşahidə etmək, cavab vermədən düşünmək, dinləmədən anlamaq bacarığı.
Bəzən münasibətlərdə “cavab verməmək” yanlış anlaşılır. Halbuki, çox vaxt o, emosional yüklənməni idarə etmə üsuludur.
Sükut bu halda qarşı tərəflə deyil, insanın özü ilə münasibətinin göstəricisidir. Mübahisə zamanı susmaq bəzən uzaqlaşmaq deyil, əksinə, daxili emal prosesinin işə düşməsidir.
Psixoterapiyada da sükut bəzən müdafiə mexanizmi, bəzən isə özünütənzimləmə mərhələsi kimi qəbul olunur — zehinin təmir fasiləsi, bərpa prosesi kimi.
Səssizlik qorxudan deyil, bərpadan doğan təbii vəziyyətdir. O, beyinə, bədənə və duyğulara fasilə verir. Bizə isə düşünmək, fərqinə varmaq və yenilənmək üçün yer açır. Hər səssizlik bir fikrin yetişməsini gözləyir.
“Danışmaq ağlı göstərir, amma susmaq zehni formalaşdırır. Bəzən danışmamaq – beynin səssizcə səni bərpa etməsidir.”
Psixoloq Lalə Natiq
 

										
										
										
										
										
										
										
										
