"Son illər təhsil büdcəsinin həcmi dinamik artsa da, onun səmərəsiz icrası ölkə təhsilinin inkişafına təkan vermir. Bu amil təhsilimizin ciddi problemlərindən biridir, yəni, təhsilin büdcəsi artır, amma nəticə dəyişmir. Son illər Azərbaycanın dövlət büdcəsindən təhsilə ayrılan maliyyə vəsaiti ümumi xərclərin 10 %-ni təşkil edir. Rəqəmlər artım tendensiyasını göstərsə də, bu vəsaitlərin xərclənmə səmərəsi, məqsədyönlülüyü və təhsilin nəticələrinə təsiri (şagird nailiyyəti, müəllim keyfiyyəti, infrastruktur davamlılığı, beynəlxalq qiymətləndirmələr, beynəlxalq olimpiada və reytinqlərdə zəif nəticələr v.s.) aşağıdır".
Bu fikirləri Hit.az-a dosent, təhsil eksperti İlham Əhmədov deyib.
O bildirib ki, təhsildə uğursuz maliyyə siyasətinin bir səbəbi də bu sistemin keyfiyyətli strategiyaya malik olmamasıdır.
Bu səbəblərdən maliyyə resurslarının bölgüsündə real ehtiyaclar, perspektiv inkişaf məsələləri təhlili edilmir, paralel xərclər olur (yəni, eyni istiqamətə iki dəfə vəsait ayrılır), layihələrin nəticəyönümlülüyü qiymətləndirilmir: "Eyni vaxtda büdcə icrasına nəzarət mexanizmləri də zəifdir. Son illər qrantlara müəyyən məbləğ ayrılsa da, bu layihələrin səmərəsi hiss edilmir. Düzdür bunun başqa səbəbləri də var, amma hər halda səmərəsiz layihələrin maliyyələşməsi israfçılıqdır. Digər tərəfdən “Hesablama Palatası”nın mütəmadi olaraq təhsil sistemində iri məbləğdə maliyyə pozuntularını üzə çıxarması, idarəetməsdə və nəzarətdə ciddi boşluqların olduğunu göstərir.
Təhsildə maliyyə azlığı daim hiss edilir, amma bu problem təkcə “məbləğ” azlığı ilə əlaqəli deyil, həm də “məntiq” yoxluğu problemi var. Yəni, zəruri layihələrə və ideyalara heç vaxt pul tapılmır, eyni zamanda mənasız layihələr gen-bol maliyyələşir (məsələn, “Məktəblinin dostu” kimi mənasız layihəyə ildə 10 milyon israf edilir).
Hazırkı büdcə modelində təhsil büdcəsi çox vaxt “büdcə artımı” prinsipi ilə planlaşdırılır, səmərəlilik indeksi ilə yox. Məsələn: məktəblərin təmiri üçün ayrılan milyonlarla manat tədrisin keyfiyyətinə az təsir göstərir, müəllimin maaş artımı ölçüləbilən tədris nəticələri ilə əlaqələndirilmir, vəsaitlərin bölgüsü real ehtiyaclara və dərin təhlilə əsasən deyil, bir qayda olaraq inzibati qərarlarla formalaşır.
Son illər ölkədə 4 mindən çox məktəb tikilib və ya əsaslı təmir edilib. İndi nazirin yaxın illərdə 1500 məktəbin bağlanması ilə əlaqədar verdiyi “müjdə” göstərir ki, bağlanacaq 1500 məktəbin içərisində ən azı 1000 məktəb yeni tikilən və ya əsaslı təmir olunan məktəb olacaqdır. Bəs bu 1000 məktəbin tikilməsinə və ya əsaslı təmir olunmasına sərf edilən maliyyəyə heyfləri gəlmirmi? Belə vəziyyət ölkədə təhsil strategiyasıının yoxluğu səbəbi ilə yaranır.
Digər tərəfdən, ali təhsildə investisiya dedikdə, bizim universitetlər əsasən təmir-tikinti işlərini nəzərdə tutur. Halbu ki, əsas investisiya informasiya resurslarına, elmi tədqiqatlara, yeni laboratoriyaların açılmasına və tədris-metodik təminata yönlənməli idi.
İndi tez-tez universitetlərin şəhərdən çıxarılması, regionlara köçürülməsi məsələləri müzakirə edilir. Əgər bu baş tutarsa, deməli universitetlərin son 20 ildə etdikləri “investisiya”nın (bu toplam olaraq ali təhsil sistemi üçün milyard manatdan çoxdur), onlara heç bir xeyri olmayacaq. Halbuki, bu maliyyənin heç olmasa 50 % təhsilin inkişafına yönəlsəydi, universitetlərun məkan dəyişməsinin onlara ciddi itki olmayacaqdı. Bu vəziyyət də ölkə təhsilinin strategiyasızlığı səbəbi ilədir. Sanki, təhsildə yalnız operativ idarəetmə var (əgər o da varsa), amma təhsildə heç bir strateji idarəetmə və menecerlərdə strateji düşüncə hiss edilmir. Bu səbəbdən də təhsilə ayrılan maliyyə tam səmərəsiz olur. Təhsilimizin indiki real durumuna baxmaq kifayətdir. Problemin həlli kimi ilk növbədə ölkə təhsilinin elmi əsslara söykənən strategiyası hazırlanmalıdır.
Mühüm problem ali təhsilin, universitetlərin inkişafı üçün maliyyə vəsaitlərinin azlığıdır. Universitetlərimizin bütün aspektlərdə qlobal inkişafdan geridə qalması səbəblərindən biri onlara 25 il ərzində investisiya edilməməsidir. Ali təhsildə inkişafyönlü və təmiryönlü investisiyalar müqayisə edilsə, bu nisbətin 1: 10 (bəlkə də 1:20) olduğunu görərik. Bu müqayisəni ETN etməli idi, bu illər ərzində, amm etmədi.
AMEA-nın 80 illik yubileyi ilə əlaqədar tədbirdə ölkə prezidenti İlham Əliyevin məruzəsində elm və təhsil sistemi qarşısında bir sıra ciddi məsələlər qaldırılıb. Bu məsələlərin 90%-i AMEA-ya yox, ETN-nə aiddir. Bu problemləri səmərəli həll etmək üçün isə elm və təhsilə ayrılan maliyyə resurslarını səmrəli və şəffaf xərclənməli, ictimai nəzarət təmin edilməlidir, hansı ki, bizim təhsildə bu heç vaxt olmayıb".
Sevinc


