Aşağı sosial-iqtisadi statusa malik insanların insult keçirmə ehtimalı daha yüksək gəlirli insanlara nisbətən 33% daha yüksəkdir.
“Cümhuriyət” xəbər verir ki, bunu Tasmaniya Universitetinin alimləri müəyyən ediblər.
Tədqiqatın nəticələri "Journal of Stroke and SerebrovascularDiseases" jurnalında dərc edilib.
Müəlliflər 2007-ci ildən 2020-ci ilə qədər Tasmaniya sakinlərinin tibbi məlumatlarını - xəstəxanaya yerləşdirmə və ölüm hallarını da daxil olmaqla - təhlil ediblər. Təhlil sosial statusun damar xəstəliklərinin inkişaf riski ilə birbaşa əlaqəli olduğunu ortaya qoyub. Xüsusilə, aşağı sosial-iqtisadi statusa malik insanların insult keçirmə ehtimalının 33% daha yüksək olduğu aşkar edilib.
Tədqiqatçıların fikrincə, aşağı gəlirli insanlarda hipertoniya, ürək xəstəliyi, diabet və metabolik pozğunluqlar daha çoxdur. Bu qruplara həzm və immun sistemi xəstəlikləri, bəzən hətta xərçəng diaqnozu qoyulma ehtimalı daha yüksəkdir. Bu, hətta gənc yaşda belə özünü göstərir.
Müəlliflər qeyd edirlər ki, səhiyyə və profilaktik proqramlara məhdud çıxış əsas rol oynayır. Onlar vurğulayırlar ki, səhiyyə xidmətlərinə bərabər çıxışın təmin edilməsi və sosial cəhətdən həssas qruplar arasında profilaktikanın genişləndirilməsi insult, digər ürək-damar xəstəliklərindən ölüm hallarını əhəmiyyətli dərəcədə azalda bilər.
Hər adama 1,27 dollar...
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin yeni hesabatına görə, ürək-damar xəstəlikləri, xərçəng və astma kimi qeyri-yoluxucu xəstəliklərlə mübarizəyə qoyulan investisiyalar daha daartırılmalıdır. Ancaqbu yolla həmin xəstəliklərdən ölüm faizlərini aşağı salmaq olar. Üstəlik,aşağı vəortagəlirli ölkələrdə bu, yeddi dəfə çox bəhrə verəcək.
ÜST ekspertləri qeyd edirlər ki, qeyri-yoluxucu xəstəliklər hər il 41 milyon insanın ölümünə səbəb olur ki, bu da dünya üzrə bütün ölümlərin 72%-ni təşkil edir. Bu, xüsusilə aşağı gəlirli ailələrə ciddi təsir göstərir, çünki uzun və bahalı müalicələr onları yoxsulluğa sürükləyir.
Mütəxəssislərin fikrincə, qeyri-yoluxucu xəstəliklərlə effektiv mübarizə məhsuldarlığın artmasına kömək edəcək. Belə ki, işçilər daha az xəstələnəcək, ömür uzunluğu artacaq və müalicə xərcləri azaldılacaq. Bundan əlavə, dünyanın ən yoxsul ölkələrinin büdcələri 2030-cu ilə qədər qeyri-yoluxucu xəstəliklərin qarşısının alınmasına qoyulan investisiyalardan 350 milyard dollar əldə etmək potensialına malikdir. Bu dövrdə 8,2 milyon insanın həyatı xilas ediləcək.
ÜST ekspertləri hesablayıblar ki, "sağlamlıq dividendinə" nail olmaq üçün aşağı vəortagəlirli ölkələr qeyri-yoluxucu xəstəliklərlə mübarizəyə ildə adambaşına 1,27 dollar ekvivalentində investisiya qoymalıdırlar.
Mütəxəssislər deyirlər ki, alkoqol və tütün məhsullarına vergilərin artırılması, qidaların duz tərkibinin azaldılması, infarkt və insult keçirmiş insanlar üçün adekvat dərman təminatı və peyvəndlər kimi tədbirlər xəstəlikləri azalda bilər.
Mütəxəssislər hesab edirlər ki, əhali arasında sağlam qidalanmanın təşviqinə qoyulan hər dollar 12,82 dollar iqtisadi gəlir gətirəcək. Alkoqolla mübarizədə qoyulan hər dollar 9,13 dollar mənfəət, siqaretlə mübarizədə isə 7,43 dollar qazanc gətirəcək. Fiziki aktivliyin təşviq edilməsi qoyulan hər dollar üçün 2,80 dollar gəlir gətirəcək.
ÜST-ün məlumatına görə, qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarının ən böyük payını ürək-damar xəstəlikləri (ildə 17,7 milyon ölüm), xərçəng (8,8 milyon ölüm), tənəffüs yolları xəstəlikləri (3,9 milyon) və diabet (1,6 milyon) təşkil edir.
Kasıblar xəstəliyi daha ağır keçirirlər
Kasıblıqla xəstəliklər arasında əlaqə təkcə yoxsul ölkələrdə özünü göstərmir. Brigham və Qadın Xəstəxanasının (BWH) tədqiqatçılarına görə, ABŞ-də aşağı gəlirli və sosial cəhətdən əlverişsiz vəziyyətdə olan şəxslərdə COVID-19-un ağır formalarına yoluxma ehtimalı üç dəfə çoxdur. “Annals of InternalMedicine” jurnalında dərc olunmuş bir araşdırma göstərib ki, xəstəliklər aşağı gəlirli və sosial çətinlikləri olan insanlarda üç dəfə daha ağır olur.
Alimlər “Omicron” ştamının olduğu dövrdə - 2021-ci ilin oktyabrından 2023-cü ilin noyabrına qədər - COVID-19-dan sağalan 3700 nəfərin məlumatlarını təhlil edilib. Tədqiqata ABŞ-nin 33 ştatından olan xəstələr daxil olub. Nəticələr göstərib ki, xəstəliyin ən ağır formalarını yaşayanlar maddi və ya sosial çətinliklərləüzləşənlər, eləcə də əlverişsiz, yüksək sıxlıqlı ərazilərdəyaşayanlardır.
Tədqiqatın başmüəllifiElizabetKarlsonun sözlərinə görə, pandemiyanın bitməsinə baxmayaraq, bir çox xəstə hələ də onun nəticələrindən əziyyət çəkir. O, gələcəkdə COVID-19-un təsirinə qarşı mübarizə tədbirləri planlaşdırarkən sosial-iqtisadi amillərin nəzərə alınmasının vacibliyini vurğuladı.
Yoxsul məhəllələrin xəstə sakinləri
“JAMA NetworkOpen” jurnalında dərc olunmuş bir araşdırmaya görə isə yoxsul məhəllələrdə yaşayan qadınlarda döş xərçənginin müalicəsi daha pis nəticələr verir.
Ohayo Dövlət Universitetinin Vexner Tibb Mərkəzindən və Kolumbusdakı Xərçəng Xəstəxanasından olan tibb elmləri doktoru Çen və həmkarları məhəllə yoxsulluğunu və döş şişinin xüsusiyyətlərini, cərrahi müalicəni və ölüm nisbətlərini araşdırıblar. Təhlil 2010-2018-ci illər arasında I-III mərhələ döş xərçəngi diaqnozu qoyulmuş 312145 qadını (18 yaş və yuxarı) əhatə edib.
Tədqiqatçılar qadınların 6,4 faizinin davamlı yoxsulluğun olduğu ərazidə yaşadığını bildirib. Bu, həm də daha yüksək dərəcəli xəstəlik, üçqat artıq döş xərçəngi və inkişaf etmiş mərhələ xəstəliyi daxil olmaqla, daha aqressiv şiş xüsusiyyətlərinə sahib olma ehtimalının daha yüksək olması deməkdir. Davamlı yoxsulluğun olduğu ərazilərdə yaşayan daha çox xəstəyə mastektomiya və qoltuqaltı limfa düyünlərinin disseksiyası edilib. Davamlı yoxsulluq şəraitindəyaşayanlarda döş xərçənginə xas və bütün səbəblərdən ölüm riski daha yüksək olub. Həm döş xərçənginə xas, həm də bütün səbəblərdən ölüm riskləri diaqnozdan üç il sonra bir-birindən fərqlənib.
Tədqiqat müəllifləri vurğuladılar ki, davamlı yoxsulluqla xarakterizə olunan ərazilərdə yaşamaq şiş xüsusiyyətlərinə, cərrahi müalicəyə və ölümə təsir göstərib.
Yoxsullar daha tez ölürlər
MaksPlank Demoqrafik Tədqiqatlar İnstitutun araşdırması dan aşağı gəlirin ölüm riskinin artması ilə əlaqəli olduğunu göstərib. Tədqiqatın nəticələri “BMJ Open” jurnalında dərc edilib. Alimlər insanın sosial-iqtisadi statusunun (təhsil səviyyəsi, gəlir və məşğulluq statusu) növbəti il ərzində ölüm riskinə necə təsir etdiyini araşdırıblar.
27 milyon insanın məlumatları təhlil edilib. 2013-cü ildə bu insanların hamısı 30 ilə 59 yaş arasında olub. İşsizliyin erkən ölüm riskini demək olar ki, ikiqat artırdığı məlum olub. Gəlir səviyyəsi də əhəmiyyətli olub, xüsusən də kişilər üçün gəlir qrupundakı insanların ən aşağı 20%-i arasında ölüm nisbəti ən varlı 20%-dən 150% yüksək olub.
Digər tərəfdən, aşağı təhsil kişilərdə erkən ölüm riskini 30% artırıb. Lakin yoxsulluqla erkən ölüm arasındakı əlaqə qadınlar arasında daha zəif olub. Lakin sabit məşğulluğun olmaması və aşağı təhsil də qadınlarda vaxtından əvvəl ölüm riskini artırıb.
Cəmi 4 il kasıb yaşayırsınızsa...
O da təsdiqlənib ki, əgər kimsə ömrünün dörd ilini yoxsulluq həddindən aşağı səviyyədə keçirirsə, maddi cəhətdən daha şanslı olanlardan daha tez zehni və fiziki olaraq qocalacaq.
Yəni kasıblıqla qocalıq arasında da əlaqə var. Bəzilərimiz digərlərindən daha tez qocalırıq və bu, təkcə genlərimizdən deyil, həm də ətraf mühitimizdən, yəni necə yaşadığımızdan asılıdır. Necə yaşadığımız əsasən pulumuzun nə qədər olamsından asılıdır. Kopenhagen Universitetinin tədqiqatçıları məqalələrində yazırlar ki, yoxsulluq qocalmanı sürətləndirir. Tədqiqatda fiziki və zehni sağlamlığı yoxlanılan 5500 orta yaşlı insan iştirak edib. Onlar yumruqlarını nə qədər sıxa bildikləri, 30 saniyədə stuldan nə qədər oturub qalxa bildikləri və nə qədər hündürə tullana bildikləri yoxlanılıb. Koqnitiv testlərə, məsələn, fotoşəkillərin ardıcıllığını əzbərləmək daxil idi. İştirakçıların iltihabi vəziyyəti də qiymətləndirilib. İmmunitet sisteminin iltihabi reaksiyası yalnız müəyyən bir infeksiyanı deyil, həm də bədənin özünü yaxşı hiss etmədiyini göstərə bilər. Ümumi iltihabın yaşlanma ilə artdığını isə tibb elmi çoxdan sübut edib.
Tədqiqatın müəllifləri bioloji yaşdakı fərqləri tədqiqat iştirakçılarının son 22 ildə yaşadıqları sosial-iqtisadi şərtlərlə əlaqələndiriblər. Müqayisələr pis vərdişlər, irsi xəstəliklər və s. kimi digər amilləri nəzarətdə saxlayan şəkildə aparılıb.Ən azı 4 il yoxsulluq həddindən aşağı səviyyədə yaşayanlar testlərdə daha pis nəticə göstəriblər: yarım dəqiqə ərzində oturub-durmaqda iki dəfə az sürətli olublar, tutmaq qabiliyyətləri daha zəif, iltihab səviyyəsi isə daha yüksək olub. Bundan əlavə, bu dörd il mütləq şəkildə ardıcıl olmayıb. Bir insan bir neçə yoxsulluq dövrü ilə yanaşı, rifah dövrünü də yaşaya bilərdi, lakin keçmişdə yaşadığı yoxsulluqbelə bədənin daha sürətli qocalmasına səbəb olub.
Qeyd etmək lazımdır ki, tədqiqatın müəllifləri yetkinlik dövründə yoxsulluq yaşamış orta yaşlı insanları cəlb ediblər. Yoxsulluğa gənclikdə daha asan dözmək mümkündür. Digər tərəfdən, mütəxəssislər deyirlər ki, uşaqların beynini yoxsulluqla stresləndirməyin, yəni kasıb olduğunuzu ona çox tez-tez deməyin. Bir tərəfdən, aşağı gəlir və valideynlər arasında təhsilin olmaması uşaqların beyin inkişafına mənfi təsir göstərir, digər tərəfdən isə uşaqlıqda pis həyat şəraiti depressiyaya səbəb ola bilər.
Başqa sözlə, kasıblıq həm xəstəlik, həm də ölüm gətirir...


