Qəbələ rayonu, Vəndam qəsəbəsi, Eldəniz Mehdiyev adına 1 saylı tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Sədaqət Vəliyevanın müraciətini ötən Hit.az saytı ictimailəşdirdi.
S.Vəliyeva bildirib ki, həm orta ixtisas, həm də ali ixtisas pedaqoji təhsili olan şəxslərin ümumtəhsil məktəblərində dərs demək hüququ qanunvericiliklə təsbit olunub:
“Bu sənədlərdə orta ixtisas və ali təhsilli müəllimlər arasında dərs yükünün bölgüsü ilə bağlı birbaşa məhdudiyyət (məsələn, "yalnız aşağı siniflərdə dərs deyə yaxud yuxarı siniflərdə ancaq bölgü olmayan siniflərdə dərs deyə bilər") göstərilməyib. Sertifikasiya imtahanından sonra 2025/2026-cı tədris ilinin əvvəlində təsdiq olunmuş dərs bölgüsünə əsasən, ona X siniflərdə həftəlik 8 saat dərs yükü həvalə edilib. Lakin dərs başlayandan 2 həftə sonra mənə məlumat verildi ki, orta ixtisas təhsilli olduğum üçün yuxarı siniflərdəki dərslərim ləğv edilərək, aşağı siniflərdəki dərslərlə əvəz olunur. Nəticədə, X siniflərdəki 8 saat dərs yüküm çox zəif siniflərlə əvəz olundu”.
Təhsil eksperti Elşən Qafarov Hit.az-a deyib ki, qanunvericilikdə qeyd edilir ki, ali təhsili olanlar pedaqoji fəaliyyətlə məşğul ola bilər:
“Şəxs MİQ-da uğur qazanırsa əlavə təhsilə cəlb olunmalıdır. Ancaq reallıq ondan ibarətdir ki, orta ixtisaslı şəxslər ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul ola bilər. Bunun əksi yanlış addımdır. Bu yanlış qərar bütün regionlarda tətbiq edilir. Kollec məzunlarının 8-ci sinfə qədər dərs deməyə icazəsinin olması köhnə Təhsil Haqqında qanunda göstərilir. 2009-cu ildə yeni təhsil qanunu qəbul edildikdən sonra bu məsələ qüvvədən düşüb. Bununla yanaşı, Nazirlər Kabinetinin 156 saylı qərarı var. Həmin qərarda açıq şəkildə bildirilir ki, ümumtəhsil məktəblərində orta ixtisaslı və ali təhsili şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Müəllimləri incidənlər Prezidentin imzası olan sərəncamları, onun qərarını göz önünə gətirsinlər.Bu sərəncamları ayaq altına atmaq olmaz”.
Sevinc


