İnsanlar ürəyindəki bir ümiddən yapışıb pirlərə, ziyarətgahlara gedir.
Maraqlıdır, İslamın bu əmələ münasibəti necədir?
İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, dinimizə görə insanlar Allaha ibadət və dua etməli və hacətlərini yalnız ondan istəməlidirlər:
“Demək olar ki, bütün müsəlmanların hər gün namazda oxuduqları məşhur "Fatihə" surəsində Allah təala tələb edir ki, inananlar belə dua etsinlər:
"Yalnız sənə ibadət edir və yalnız səndən imdad diləyirik..." Allaha ibadət və dua edərkən İslam dini heç bir şəriki, vasitəni qəbul etmir. Bu, Quranın məntiqidir. Lakin sonralar İslamı qəbul edən başqa xalqların keçmiş din və inanclarından, adət və ənənələrindən sirayət etmiş bəzi əqidələr müəyyən təhriflər yaratdı. Şəxsiyyətə pərəstiş, müqəddəsləri ilahiləşdirmək və məzarlarını səcdəgaha çevirmək ənənəsi yarandı. Müəyyən qədər də bütpərəstlikdən bəzi detallar keçib. Lakin bununla yanaşı müxtəlif müsəlman ölkələrində tanınmış din alimlərinin, seyid və övliya ünvanı ilə tanınmış şəxslərin məzarı üstündə türbələr tikilib, insanlar oranı ziyarət edirlər. Bu, müsbət haldır, lakin gərək ziyarət edərkən dini qaydalara müxalifliyə yol verilməsin. Orada mərhumun ruhuna dualar edilməli, hacət və istəklər isə yalnız Allahdan istənilməlidir. Çalışmaq lazımdır ki, bütpərəstliyə yol verilməsin. Pirlər və ziyarətgahlar eyni zamanda İslam mədəniyyətinin tərkibidir. Çoxu tarixi, mədəni abidələr kimi qorunur. Şübhəsiz ki, bəzi insanlar dinin əsl mahiyyətindən xəbərsiz olaraq ziyarət qaydalarını bilmir, gedib necə davranmaq, necə dua etmək qaydasını bilmirlər. Bəzi radikal qruplar da həmin adamların əməllərini əldə əsas tutub başqa əqidələri hədəfə gətirirlər. Xalqın ənənəvi inancına toxunmaq olmaz. Amma hər bir halda ziyarətgah, pir məsələsi dinlə əlaqəli olduğu üçün dinimizin şərtləri əsas götürülməlidir. Ziyarətgahları ziyarət etmək, orada Allaha dua etmək yaxşıdır. Fəqət qeyd etdiyimiz kimi ümidi, pənahı yalnız Allaha bağlamaq lazımdır”.
Sevinc


