Mavi balina, yoxsa tənhalıq içində qalan uşaqlıq?

SOSİAL
15:55 / 03.12.2025
32

Son illər “Mavi Balina” kimi adlarla yayılan təhlükəli internet çağırışları valideynlərdə ciddi narahatlıq yaradıb.

Cəmiyyətdə belə bir fikir dolaşır: “Bu oyun uşaqları intihara sövq edir.” Amma vəziyyət göründüyündən fərqlidir.

Gerçək risk internetdən yox, uşağın psixoloji vəziyyətindən doğur. Özünü tənha hiss edən, duyğularını ifadə edə bilməyən, ailə ilə ünsiyyətdə çətinlik yaşayan və rəqəmsal məkanda nəzarətsiz qalan uşaqlar manipulyasiya üçün daha açıq olurlar. Yəni, təhlükəni yaradan “oyun”dan çox, uşağın içindəki boşluqdur.

Valideynlə uşaq arasında olan ünsiyyət bu boşluğu dolduran əsas qoruyucu mexanizmdir. Uşaq hiss edir ki, onu dinləyirlər, nəhs ya da mühakimə etmədən yanında dayanırlar. Bu zaman xaricdən gələn hər cür yönləndirici təsir gücünü itirir.

Davranışdakı dəyişikliklər də mühüm siqnallardır: uşaq özünə qapanırsa, gecələr çox oyaq qalırsa, sosial şəbəkəyə qarşı həddindən artıq maraq göstərirsə və ya keçmişdə olmayan aqressiya, narahatlıq, ümidsizlik hissləri yaranıbsa, bu, içindəki gərginliyin göstəricisidir. Bu siqnalları danlamaq yox, dialoqla açmaq lazımdır.

Rəqəmsal məkanda sərhədlər yaratmaq qadağa mənasına gəlmir. Sərhəd uşağın özünü güvənli hiss etməsi üçün çərçivədir. Məsələn, gecə saatlarında onlayn olmamaq, tanımadığı şəxslərin mesajlarını açmamaq və təhlükəli kontentlə rastlaşdıqda bunu valideynlə bölüşmək kimi razılaşdırılmış qaydalar uşağın daxili təhlükəsizlik hissini gücləndirir.

Uşaq tək bir cümlə ilə qorunmur — “sənə güvənirəm” demək hələ heç nəyi həll etmir. Onun davranışlarını izləmək, gündəlik həyatına maraq göstərmək, hissləri barədə rahat danışa biləcəyi mühit yaratmaq bu güvəni real edir. Evdə emosional təhlükəsizlik varsa, heç bir “oyun” uşağı təsir altına almaqda uğur qazana bilmir.

Hər bir uşaq eşidilmək, anlaşılmaq və təhlükə qarşısında yanında dayanan bir böyüyün olduğunu hiss etmək istəyir. Bu hiss ona verildikdə, ən çətin dövrlərdə belə manipulyasiya qarşısında dayanıqlı olur. Uşaqlarımızın psixoloji rifahı onların gələcək şəxsiyyətinin təməlidir və bu təməli hər gün kiçik, amma davamlı diqqət və əlaqə ilə möhkəmləndirmək mümkündür.

Əgər övladınızın davranışında dəyişiklik hiss edirsinizsə, gecikməyin. Dəstək almaq gücsüzlük deyil, sağlamlığın ilk addımıdır. Psixoloqla birlikdə həm təhlükəni tanımaq, həm də uşağınızın daxili gücünü möhkəmləndirmək mümkündür.

Psixoloq: Lalə Natiq

0