Bu gün uşaqların internetdən həddindən artıq istifadə etməsi müxtəlif psixoloji və fizioloji problemlərə səbəb olur. Virtual aləmdə sayı günü-gündən artan bəzi zərərli kompüter oyunları uşaqlara mənfi təsir göstərir.
Paytaxtın Binəqədi rayonunda mənzildə 13 yaşlı yeniyetmənin meyiti aşkarlanıb. Məmmədova Kəmalə Tərlan qızı evdə özünə qəsd edib. İddialara görə, yeniyetmə qız hadisəni törədəndə evdə tək olub.
Belə ki, Kəmalənin dayə işləyən anasını gətirmək üçün evdən çıxan atası və qardaşı mənzilə girəndə yeniyetmənin meyitini asılmış vəziyyətdə tapıblar. Əvvəlcə Kəmalənin zarafat etdiyini düşünən valideynləri onun heç bir səsə, hərəkətə reaksiyasını görmədikdə nə baş verdiyini anlayıblar.
Yeniyetmənin mobil telefonunda "Mavi Balina" oyunu tapılıb. Onun sonuncu aldığı mesaj "Bu gün son günündür" olub. Bundan sonra Kəmalə özünə qəsd edib.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, valideynlər uşaqları kompüterdən uzaq saxlamağı bacarmalıdırlar:
"Bir çox aparıcı ölkələrdə internet provayderləri ilə əlaqə yaradaraq xüsusi paketlər əldə olunur və bununla da uşaqlar yalnız əlverişli saytlardan istifadə edə bilirlər. Birmənalı şəkildə virtual oyunlardan asılılıq uşaqlarda ünsiyyət problemlərinə yol açır. Bütün günü evində oturub oyun oynayan uşaq sözsüz ki, ünsiyyət çatışmazlığının gətirəcəyi fəsadlardan əziyyət çəkəcək. Ancaq azyaşlı ölümün özünə belə xüsusi hal kimi baxmır. Canlı ünsiyyətdə isə o hisslər var. Eyni zamanda kompüterdə müharibə, döyüş yarışları kimi qəddarlığı təbliq edən oyunlar oynamaqla vaxtlarını keçirən uşaqlar təbiətən qorxaq olurlar. Belə uşaqlar dəhşət filmlərinə də olduqca meyillidirlər. Bununla azyaşlılar qorxularına qalib gələcəklərini düşünürlər. Nəticədə başqa problemlər - fobiyalar yaranmağa başlayır. Bu cür problemlərlə müraciət edənlər çoxluq təşkil edir".
Sevinc


