Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Bu barədə HİT.az-a Nazirlikdən məlumat verilib.
2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir:
* 1, 2 yanvar – Yeni il bayramı;
* 20 Yanvar – Ümumxalq Hüzn Günü;
* 8 Mart – Qadınlar Günü;
* 20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
* 20, 21 mart -– Ramazan bayramı;
* 9 May -– Faşizm üzərində Qələbə günü;
* 27, 28 may – Qurban bayramı;
* 28 May – Müstəqillik Günü;
* 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;
* 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
* 8 Noyabr – Zəfər Günü;
* 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
* 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, 2026-cı ildə beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir.
2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-ı bayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı günlərdir), iş günü hesab edilməyən 107 istirahət günü (onlardan 5-i iş günü hesab edilməyən bayram günləri ilə, 3-ü Qurban və Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan 3-ü üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.
Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.
2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində (//sosial.gov.az/az/faydali/istehsalat-teqvimi) yerləşdirilib.

