Niyə insanlar bədbəxt münasibətlərdə "qalırlar"? - Üç səbəb

SOSİAL
23:53 / 19.12.2025
39

Amerikalı psixoloq Mark Travers insanların niyə bədbəxt münasibətlərdə qaldığını izah edən üç əsas səbəbi açıqlayıb.

Hit.az xəbər verir ki, o, “Forbes” üçün yazdığı məqalədə bunun rasional düşüncə və ya məntiqi təhlil qabiliyyətinin çatışmazlığı ilə bağlı olmadığını qeyd edib.

“İnsanlar ona görə qalırlar ki, onlar insandır. Şəxsi inkişaf nöqtəsindən sonra bizi saxlayan amillər bağlılıq, qorxu, kimlik və reallıqla başa çıxmaq üçün özümüzə danışdığımız hekayələrin dərin mexanizmlərini üzə çıxarır”, deyə psixoloq izah edib.

Onun sözlərinə görə, insanların münasibətlərdə lazım olandan daha uzun qalmasının səbəbləri bunlardır:

Birinci səbəb – tanışı təhlükəsizliklə eyniləşdirməyinizdir. Sinir sistemi təcrübəni “sağlam” və “sağlam olmayan” kimi ayırmır. O, yalnız “tanış” və “tanış olmayan” anlayışlarını fərqləndirir. Əgər emosional model erkən uşaqlıqda öyrəndiyiniz hissləri xatırladırsa, ağıl bunun düzgün olmadığını anlasa belə, bədən onu təhlükəsiz kimi qəbul edir. Alimlər sübut ediblər ki, bədən tanış olanı seçir. Şüuraltı səviyyədə münasibətdən getmək onilliklər boyu yeganə emosional reallıq olmuş modeldən imtina kimi hiss edilə bilər. Şübhələr qaçılmazdır. Sağalma isə bir anlayışdan başlayır: düzgün görünən hər şey faydalı olmur.

İkinci səbəb – köhnə yaranı sağaltmağa çalışmanızdır. Bu, həll olunmamış emosional təcrübələrin yeni partnyorlarla yenidən yaşandığı təkrarlanan dövrə səssiz bir meyldir. Kənardan bu, özünüsabotaş kimi görünə bilər, lakin əslində bir vaxtlar dözülməz olanla başa çıxmaq üçün şüuraltı cəhddir. Bizi erkən travmaları xatırladan münasibətlərə çəkən də budur, çünki dərin səviyyədə ilkin hekayəni yenidən yazmağa çalışırıq. Məsələn, yalnız ara-sıra diqqət göstərən partnyorlarla qalan bir insan uşaqlıqda özünü görünməz hiss etmiş ola bilər. Onun psixikası məhz bu cür münasibətlər vasitəsilə görünməzlik ağrısını sağaltmağa can ata bilər.

Üçüncü səbəb – qeyri-müəyyən gələcəkdən qorxunuzun bədbəxt bu gündən daha güclü olmasıdır. İnsan beyni təkamül baxımından riskləri minimuma endirməyə köklənib. Qənaətbəxş olmayan münasibətlər onlardan sonrakı həyat perspektivindən daha “təhlükəsiz” görünə bilər. 2023-cü ildə aparılan tədqiqat göstərib ki, psixika status-kvonu seçir, çünki istiqaməti dəyişmək onu qorumaqdan daha çox koqnitiv və emosional resurs tələb edir.

Samir
 

0