"Öz dini ilə mükəmməl şəkildə tanış olmayan yaxud ona düzgün çatdırılmayan adamlar təbii ki, başqa inanc və cərəyanların müasir üsullarla təbliğatının qurbanı olur. Əslində İslamın tərkibində insan üçün nə ehtiyacdırsa, hamısı var".
Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan qeyd edib.
O bildirib ki, tarix boyu dinin təhrif olunması və ruhani təbəqənin istismar alətinə çevirilməsi insanların kütləvi şəkildə dindən soyumasına səbəb oldu:
"İnsanların hind və digər fəlsəfələrin qanunlarına etiqad bəsləməsi heç də onların hamısının fəlsəfi, ali kamilliyə çatması demək deyil. İslamla tam tanışlıq olmadığına görə düşünür ki, onun tapdığı öz dinində yuxdur. Bir qədər də xarici təsirlərin rolu var. Milli dəyərlərin və xüsusən də İslamın sıradan çıxarılmasına çalışan bəzi Qərb institutları müsəlman ölkələrində başqa din, cərəyan və fəlsəfi yönlü istiqamətlərin yayılmasında maraqlıdırlar ki, xüsusən gənclər müasir texniki imkanlar və internet vasitəsi ilə bu təsirlərə düşürə tuş gətirilir. İnsanı sosial məsuliyyətdən, dünyəvi öhdəliklərindən soyudaraq süni bir dünyanın ağuşuna atırlar ki, bu da təhlükəli gedişdir. İslam təsəvvüfündə irfan təlimində mövcud olan dəyərlərdən xəbərsiz insansız bu mənəvi boşluğu hinduizm fəlsəfəsi ilə doldurmağa çalışırlar.
Təəssüf ki, hələ də din xadimləri əjdaha və div nağılları danışır, ilahiyyatçılar da məzhəb müzakirə və mübahisələri ilə məşğul olurlar. Ona görə də dinin əsl mahiyyəti normal və kamil şəkildə cəmiyyətə çatdırılmır. Dövlətin yaratdığı imkan və şəraiti, inanc azadlığını düzgün qiymətləndirməyə qabil olmayan istənilən inancın sahibi həm də ilahi nemətə naşükürlük etmiş olur. Ən əsası isə İslamda islahatlar və reform yoxdur. İstismarçı və mühafizəkar dini liderlər müsəlmanları geriliyə sürüyür. İslamın ali dəyərlərini müasirliklə uyğunlaşdırmağa qarşı çıxaraq müasir insanı dindən iyrəndirirlər. Vəhşi orta əsr ənənələrinə qarşı sərt hökmlərlə zəngin olan dinin müasir və qloballaşan dünya insanı üçün mütləq islahata məruz qalması qaçılmazdır. Bir hökm, qanun, inanc dövrə uyğun reform olmadıqda qocalır, çürüyür və sonda məhv olur. Zamanla ayaqlaşmağı qəbul etməyən xurafatçı din təmsilçiləri İslamı bu günün insanı üçün qəbuledilməz formada təqdim edirlər. Ona görə müasir insanlar yad din, əcnəbi fəlsəfi cərəyan axtarışındadırlar. İstismarçı və imtiyazlı molla sinfinə müasir insanın ağıl və fəlsəfə ilə bu dinə yanaşması sərfəli deyil. Ona görə də dini yalnız özlərinə maddiyyat və imtiyaz alətinə çeviriblər. Məhz bütün bu səbəblər müasir düşüncəli insanların yad fəlsəfə və inanclara yönəlməsinə səbəb olur".
Sevinc


