"Quranı təhqir etmək konstitusiyanı, bayrağı, gerbi təhqir etmək kimidir"

SOSİAL
18:00 / 26.12.2025
43

Bəzi ölkələrdə Quran dövlət tərəfindən mühafizə olunmur. Çünki din, dövlətdən ayrıdır: Bu səbəbdən Quranın, dinin təhqir olunması cinayət məcəlləsinin maddələrinə salınmayıb. Çünki düşünürlər ki, Quranın təhqir olunması, yandırılması kimi hadisələr baş verə bilməz.

Bəs İslamda Quranın təhqir olunması haqda hansı cəza nəzərdə tutulur?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, İslam dininə görə Quranın kağızı və mürəkkəbi, yazıldığı material deyil, mahiyyəti, anlamı, mənası müqəddəsdir. Ona görə kağızı yandırmaq, korlamaq yox mahiyyəti dəyişmək, anlamını təhqir etmək cinayət və günah sayılır:

 "İlk xəlifələr Quranı toplayarkən əvvəlki nüsxələri yandırıblar. Həzrət Əli ilə Muaviyyə savaşanda ikincinin qoşunu Quranı cırıb, nizələrə taxıb şüar olaraq ki, sülh, danışıq istəyirik. Lakin bu məsələlər zahirdə Quranın təhqir olunması niyyəti ilə edilməyib. Əgər Quranı təhqir etmək mənasında edilirsə həm cinayət həm də günahdır. Dünyəvi dövlətlərdə də müvafiq qanuna görə vətəndaşların inancı, etiqadı təhqir oluna bilməz. Heç kəs heç kəsin inancını, etiqadını, məsləkini təhqir edə bilməz. Quran da inancın tərkib hissəsidir. Eyni zamanda qanuni fəaliyyət göstərən dini icmaların müqəddəs kitabları da toxunulmazdır. İslam hüququna görə Quranı təhqir etmək və Allaha üsyan niyyəti ilə yandırsalar yaxud başqa yollarla məhv etsələr bu böyük günahlardan sayılır və cəzası da ağırdır. Ancaq bizdə dünyəvi, hüquqi sistem olduğu üçün bu cür hadisələrin inzibati xətalardan sayılması mümkündür. Çünki, Quranı yandıran eyni zamanda təxribat yaratmaqla vətəndaş qarşıdurmasına və etiqadlar arasında nifaq salmağa çalışmışdır. Quranı təhqir etmək konstitusiyanı, bayrağı, gerbi təhqir etmək kimidir. Çünki, dövlət başçısı seçilərkən andiçmə mərasimində Qurana əl basaraq and içir. Demək dövlət nəzdində də bu kitab xalqın dəyərlərindən, mənəvi atributlarından sayılır. İslam hüququnda Quranı təhqir etmək məqsədi ilə yandırmaq və sıradan çıxarmağa görə yaxud digər anoloji cinayətlərə görə çox ağır cəzalar nəzərdə tutulur. Fəqət ölkəmiz dini yox dünyəvi qanunlara əsasən idarə olunduğu üçün burada sözü gedən məsələ ilə bağlı dünyəvi qanunlarda məsuliyyət təyin olunmalıdır".

Sevinc

0