DİM sədri repetitorsuz qəbulun yolunu göstərdi: Bəs məktəb?

SOSİAL
19:00 / 27.12.2025
47

Son illər ölkədə ali məktəblərə qəbul imtahanı ilə bağlı müzakirələrə səbəb olan məsələlərdən biri də dərs vəsaitləridir.

Belə ki, məktəblərdə şagirdlərin dərs vəsaitlərindən öyrəndikləri ilə qəbul imtahanlarında təqdim edilən materiallar arasında uyğunsuzluq olduğu deyilir. Bunu isə müvafiq qurumlar onunla izah edirlər ki, Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı proqramla məktəb proqramı uyğun gəlmir. Nəticədə isə şagirdlər çıxış yolu kimi repetitorlara üz tuturlar. Bugünlərdə isə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib:

“Bizim nəşr etdiyimiz dərs vəsaitlərini oxumaq kifayətdir. Uşaq nizam-intizamlıdırsa, öz üzərində işləməyi bacarırsa, repetitora ehtiyac yoxdur. Erkən yaşlardan müstəqilliyi, özü qərar verməyi, informasiyanı əldə etməyi, oxumağı, dərslərinə məsuliyyətlə yanaşmağı uşaqlarda formalaşdıra bilsək, repetitorluq da sıradan çıxacaq". 

Maraqlıdır, şagirdlər məktəb dərsliklərini, DİM-in hazırladığı dərs vəsaitlərini, yoxsa repetitorların öyrətdiklərini mənimsəsinlər?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət”-ə bildirib ki,  təhsil işçiləri, valideynlər birmənalı şəkildə Azərbaycan təhsilinin məqsədinin ali məktəbə hazırlıq olmadığını bilməlidir:

“Ali və digər məktəblərdə kadr hazırlığı həyata keçirilir. Sadəcə bizim cəmiyyətdə ali təhsil almaq hər bir valideyn üçün prioritetdir. Məsələnin ikinci bir tərəfi ondan ibarətdir ki, burada ən böyük problem bizim dərsliklərin bərbad gündə olmasıdır. Hətta DİM uzun müddət dərsliklərin monitorinqini həyata keçirdi. Eyni zamanda, dərsliklərin hazırlanmasına məsuliyyət daşıyan Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun rəhbərliyi dərsliklərin bərbad vəziyyətdə olmasını etiraf edirlər. Ancaq reallıq ondan ibarətdir ki, dərsliklərlə yanaşı, proqramlar da əlçatan deyil. Bu baxımdan, 1-ci sinifdən 11-ci sinifə qədər hamı repetitor yanına üz tutmağa məcbur olub. Günümüzün acı reallığı budur”. 

Ekspertin fikrincə, məsələnin digər mahiyyəti indiki dərsliklərlə hər hansı nəticə əldə edilməməsidir: 

“Nə etməliyik? İlk növbədə orta məktəbdən başlamaq lazımdır. Çünki burada ən böyük kritik məqam ondan ibarətdir ki, biz ümumtəhsil məktəblərində dərslikləri normal şəkildə hazırlamağı bacarmalıyıq və bu dərsliklər şagirdlər tərəfindən oxunub anlaşılmalıdır. Ancaq bunu edə bilmirik. Səbəb ondan ibarətdir ki, dərsliklərin hazırlanması konkret olaraq repetitorlara həvalə olunur. Repetitorluğun mahiyyəti ondan ibarətdir ki, az bir zaman içərisində daha çox şablon xarakterli informasiya versin, qəbul imtahanlarına hazırlaşsın. Yəni onun iş üslubu budur. Düşünürəm ki, Təhsil İnstitutu ölkədə pedaqoji sahədə yeganə elmi-tədqiqat müəssisəsidir.

Ancaq reallıq da ondan ibarətdir ki, bu gün Təhsil İnstitutu özünün iş istiqamətini bir kənara qoyaraq imtahanlar həyata keçirməklə məşğuldur. O ki qaldı DİM-ə, buraxılış imtahanları ilə qəbul imtahanlarını qarışıq salmamalıyıq. Buraxılış imtahanları ilə bağlı müəyyən iradlarda haqlı tərəflər var. Haqlı tərəf ondan ibarətdir ki, buraxılış imtahanı şagirdin bilik və bacarığına, məktəb mühitinə uyğunlaşdırılmalıdır. Qəbul imtahanı isə daha fərqli ola bilər. Çünki burada əsas məsələ artıq müsabiqədir. Onun şərtlərini də müsabiqəni keçirən müəyyən edir. Ümumilikdə mən DİM-ə uzun illərdir ki, təkliflərimi vermişəm və fikrimcə, gec-tez belə də olacaq.

DİM imtahanları keçirən texniki quruma çevrilməlidir. Yəni DİM özü test hazırlamamalıdır. İndi DİM həm test hazırlayıb, həm də test keçirir. Düşünürəm ki, ölkə başçısı yanında, yaxud Nazirlər Kabineti yanında Testologiya institutu yaradılmalı və testlərin hazırlanmasına məsul olmalıdır”. 

Ekspertin fikrinə, reallıq bu gün ondan ibarətdir ki, Azərbaycan məktəblərində dərsliklə ali məktəblərə qəbula hazırlaşmaq mümkün deyil:

“Bu, mümkün deyil. Bunu hamıdan yaxşı Məleykə Abbaszadə bilir. Çünki DİM uzun müddət dərsliklərin monitorinqini aparan qurum olub. Bildiriblər ki, dərsliklər normal səviyyədə yazılmır. Dərslik çox mühüm sahədir və biznes layihəsi olmalı deyil. Çox təəssüf ki, bu gün dərsliklər biznes layihəsinə çevrilib. Bu gün dərslikləri kim yazır? Onların dərslik yazmaq sahəsində hansı pedaqoji araşdırmaları var? Ona görə də vəziyyət bərbaddır.

Nə qədər ki, Azərbaycan təhsilində biznes düşüncəli insanlar olacaq, nəticələr də belə olacaq. Bu gün təhsilimizdə ən böyük problemlərdən biri olan repetitorluğun geniş yayılmasının əsas səbəblərindən biri məhz dərsliklərdir. Bu, “kölgə” təhsilini minimuma endirmək olar. Bunun üçün dərsliklər şagird üçün yazılmalı, dərsliyi yazan və yaxud yazdıran üçün olmamalıdır.

Hər bir dərsliyin arxasında böyük maliyyə durur və  mənimsənilir. DİM və onun rəhbəri də bilir ki, bu gün reallıqda tətbiq olunan dərsliklər şagirdlərin potensialına, o cümlədən də təhsil proqramlarına uyğun deyil. Bu baxımdan, dərsliklərdən hazırlaşıb ali məktəbə qəbul olmaq anlayışı yoxdur. Belə olsaydı, bu gün ali məktəbə qəbul olan hər 100 abituriyentin 100-də repetitor yanında hazırlaşmazdı”.

0