Dini qurumlara ayrılan vəsait dinlərarası vəhdətin inkişafına təsiri...

SOSİAL
17:10 / 09.01.2026
97

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 milyon manat maliyyə yardımı ayrılıb.

Maraqlıdır, bu vəsait dini qurumların inkişafı baxımından yetərincədir və dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsinə necə təsir edəcək?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, dövlət - din münasibətlərinin qorunması, inkişafı, tolerantlıq mühitinin səmərəli şəkildə davamiyyəti, mənəvi dəyərlərin yaşadılması dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir:

 "Bütün bu məsələlərin həlli üçün müvafiq addımlar atılır, səmərəli işlər görülür. Eyni zamanda, ölkədə dini qurumların səmərəli və sağlam fəaliyyəti üçün hər il dövlət maliyyə yardımı göstərir. Prezident bununla bağlı müvafiq Sərəncam imzalayır. Bu il də eyni qaydada yenə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifçilik işinin müasir tələblərə uyğun aparılması, eyni zamanda mənəvi-əxlaqi dəyərlərin təbliğinin gücləndirilməsi məqsədi dini qurumlara maddi vəsait ayrılacaq.

Hesab edirəm ki, bu bir çox yöndən müsbət haldır. Dini qurumların, dini konfessiyaların xarici təsirlərə düşməməsi, asılı olmaması üçün fəaliyyət göstərdiyi dövlətin yardımını alması labüddür.

Tolerantlığın inkişafı, dinlərarası münasibətlərin, həmrəyliyin, harmoniyanın sağlam formada yaşadılması naminə dini qurumlara dəstək lazımdır. 

Eyni zamanda, dövlət - din münasibətlərinin yüksək səviyyədə təşkili, inkişafı, mənəvi - əxlaqi dəyərlərin cəmiyyətə faydalı aşılanması istiqamətində işlərin görülməsi üçün də bu önəmlidir. Dövlət başçısının dövlət - din siyasəti dünyada nümunə olacaq nəticələr verməkdədir.

Artıq Azərbaycandakı dini tolerantlıq nümunələri başqa ölkələrin məktəbinə çevrilir, öyrənilir. Dinlər və məzhəblərarası tolerantlıq, ümumbəşəri - insani dəyərlər, humanizm, mənəvi - əxlaqi irsimizin bəxş etdiyi ənənələrlə vəhdət təşkil edərək, müasir formatda bir nümunə meydana gətirir.

Bir çox yönlərdən dini qurumlara göstərilən bu qayğı, diqqət, maddi dəstək hesab edirəm ki, öz faydasını verir və gələcəkdə də daha səmərəli işlərin görülməsinə vəsilə olacaqdır. Ayrılan vəsaiti tam yetərli sayıram. Ancaq gərək dini qurumlar da bu vəsaiti səmərəli şəkildə istifadə etsinlər, dövlətə xidmət etsinlər. Doğrudur, bu bir yardımdır. Ölkədə din dövlətdən ayrıdır.

Ancaq dini konfessiyaların da borcudur ki, dövlətin onlara yaratdığı münbit şəraiti, verdiyi önəmli dəstəyi dəyərləndirsin. Dini qurumlar xalqımızın vəhdətinə, həmrəyliyinə, dəyərlərin yaşadılmasında xidmət etməlidir. 

Multikultural dəyərlərin sınaqdan çıxmış ənənələrini hər zaman diri saxlamağa çalışmalı, tolerantlığımızın dünyaya nümunə olan formatını daha da təkmilləşdirəcək addımlar atmalıdır.

Dinlər və məzhəblərarası münasibətlərin sağlamlaşmasına, dilaloq mühitinin davamiyyətinə, ümumilikdə dövlət - din münasibətlərinin öz qaydasında inkişafına çalışan dini qurumlar üçün bu vəsaitin böyük rolu olduğunu düşünürəm".

Sevinc

0