"Nikahdan əvvəl sağlamlıq testi məcburi olmalıdır" - Ekspert

SOSİAL
19:19 / 16.01.2026
139

Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan bir məsələ var. 

Ailələrdən birində elçilik zamanı qızın atası oğlandan sağlamlıqla əlaqəli arayış və narkotest istəyib. Bu məsələ sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Ancaq sosial şəbəkə istifadəçilərinin əksəriyyəti atanın addımını təqdir ediblər.

Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında deyib ki, nikaha girməzdən əvvəl sağlamlıq testinin tətbiqi tələbi günümüz üçün hətta gecikmiş prosesdir: 

"Çünki bu gün artıq elə bir cəmiyyətdə yaşayırıq ki, gənclərin sağlamlıq mövzusu bütün dövrlərdən qat-qat aktual məsələdir. Qurulacaq ailənin möhkəm bünövrəsi, dünyaya gətiriləcək körpənin hərtərəfli sağlamlığı nikah masasından öncə düşünüləcək vacib məqam olmalıdır".

389852

Ekspert qeyd edib ki, bu gün Azərbaycanda hazırkı ailə institutu cəmi 5-10 il bundan əvvəlki dəyərlərdən tam uzaqda durur:

"Demək olar ki, klassik ailə dəyərləri və evlənmə şərtləri bu gün üçün artıq keçərli deyil. Çünki 1 yaşlı körpədən, 15 yaşlı yeniyetmədən tutmuş 70 yaşlı ixtiyarlara qədər Azərbaycan cəmiyyəti bütün gününü sosial şəbəkələrdə keçirən, min cür informasiya ilə yüklənən toplumdur.

Yeniyetmə və gənclər "TikTok" platformasındakı min cür zərəli ünsürlərin təsiri altına düşür, daha sonra isə o mənfi və təhlükəli informasiyalar beyindən gündəlik həyat tərzinə çevrilir. İş o yerə çatıb ki, əksər hallarda gənclər məhz sosial şəbəkə platformalarında tanışlıq qurur, sonra da onlarda ailə qurmaq istəyi baş qaldırır".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bir-birlərini, ailə və köklərini tanımayan iki nabələd gəncin sevgisi nikah masasında həm də bir sıra suallar və problemləri də özü ilə bərabər gətirir:

"Lakin əvvələr evlilik adətləri tam baqşa idi. O zaman el-oba adətləri ilə, ailələrin bir-birlərini yaxından tanımasından sonra evlilik prosesi start götürərdi. “Ağ ölüm” təhlükəsi hazırda bizim cəmiyyətimiz üçün o qədər təhlükəli hal alıb ki, sağlam gəncliyi qorumaq çox zəruri məsələdir. Düşünürəm ki, sağlamlıq arayışı və narkotestin tətbiqi həm yaşadığımız zaman baxımından, həm də yeni qurulacaq ailənin gələcəyi üçün önəmli məsələdir. 

Bu, ailə qurarkən risklərin azaldılması və gələcək nəsillərin sağlamlığı baxımından önəmli addım sayılmalıdır. Unutmayaq ki, hər bir valideyn öz övladının gələcək xoşbəxtliyi üçün hamıdan çox narahat olur. Gənclərin sağlam ailəyə sahib olması valideynlər üçün ən əhəmiyyətli məsələdir”.

Sevinc

0