Azərbaycanda psixoloji seriallar çəkiləcək? - AÇIQLAMA

SOSİAL
10:16 / 19.01.2026
117

“Bu gün Azərbaycanda televiziya və kinoda əsas məqsəd çox vaxt reytinq qazanmaq olur”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu səbəbdən də çəkilən layihələrin böyük əksəriyyəti insanı düşündürmür, məlumat vermir və inkişaf etdirmir:


“Yəni ekranda hadisələr süni şəkildə şişirdilir, konfliktlər dərinliksiz təqdim olunur, ailə, münasibət, insan psixologiyası isə ya karikatura formasında, ya da tam səthi göstərilir. Tamaşaçı baxır, amma özü ilə heç nə aparmır.
Halbuki kino və serial təkcə əyləncə yox, maarifləndirici və formalaşdırıcı gücə malik bir vasitədir. Nəzərə almaq lazımdır ki, insan öyrəndiyini oxuyanda yox, çox zaman gördüyünü yaşayanda qəbul edir. Buna görə də psixoloji mövzulu kinoların və serialların çəkilməsi cəmiyyət üçün çox ciddi ehtiyacdır”.

O, ölkəmizdə psixoloji serialların çəkilməsi ehtimalından danışıb:
“Əgər bizdə də psixoloji seriallar çəkilsə, ailənin necə idarə olunmalı olduğu, gündəlik məişət problemlərinin haradan qaynaqlandığı və necə həll oluna biləcəyi tamaşaçıya dolayı, amma təsirli şəkildə çatdırıla bilər. Məsələn, ailədaxili ünsiyyətsizliyin necə böyüyüb boşanmaya getdiyi, maddi çətinliklərin əslində münasibəti yox, insanların bir-birini dinləməməsini üzə çıxardığı və valideyn davranışlarının uşağın gələcək münasibətlərinə necə təsir etdiyi izləyicilərə çatdırılar. Eyni zamanda, susmağın, yığılmış incikliyin illərlə necə partlayışa çevrildiyi görünəcək. Yəni bunlar quru nəsihət formasında deyil, real həyat hekayələri ilə göstərildikdə insan özünü tanıyır və düşünməyə başlayır. Onlar, yaşadıqlarını gördükdə düşünəcəklər”.

Zəhra Zahidova qeyd edib ki, psixoloqların iş və şəxsi həyatını əhatə edən bir serial bu prosesi daha da dərinləşdirə bilər:
“Bir tərəfdən, psixoloqun kabinetində insanların real problemləri göstərilər, digər tərəfdən psixoloqun öz ailəsində, münasibətlərində yaşadığı çətinliklər təqdim olunar. Bu, tamaşaçıya çox vacib bir mesaj verər. Psixoloji problemlərin ayıb deyil, insani olduğunu dərk edərlər. Üstəlik, psixoloqun belə problem yaşaya biləcəyini görərlər. Əsas məsələ psixoloqun onu necə həll etməsidir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycanda belə layihələrin çəkilməsi cəmiyyətə problemdən qaçmağı yox, üzərinə getməyi, günah axtarmağı deyil, səbəbi anlamağı, susmağı yox, danışmağı öyrədə bilər:
“Reytinq xatirinə çəkilən, amma heç nə qazandırmayan layihələr qısaömürlüdür. Psixoloji dərinliyi olan, ailəni, insanı, münasibətləri mərkəzə alan seriallar isə uzunmüddətli təsir buraxır, çünki insanın öz həyatına toxunur. Düşünürəm ki, psixoloji kinolar və seriallar çəkilsə, təkcə ekran işi olmaz. Onlar ailələrin özünü görməsinə, məişət problemlərinin kökündəki səbəblərinin anlaşılmasına, psixoloqa və psixoloji dəstəyə baxışın dəyişməsinə xidmət edər. 
Bu gün cəmiyyətin ehtiyacı qalmaqal deyil. Çünki onlar evində həmin problemləri onsuz da yaşayır. Onlar üçün maraqlı olan “mən bu problemləri tək yaşamıram” və “həll yolu var” deyə düşünməsidir. Bunu ən güclü şəkildə çatdıran vasitələrdən biri də məhz düzgün çəkilmiş psixoloji layihədir”.

Pərviz
 

0