Psixoloq: “Çox vaxt rəhbər vəzifələrə qadınlar seçilmir, çünki...”

SOSİAL
12:52 / 22.01.2026
152

“Hər bir cəmiyyətdə qadınların sosial aktivliyi onların sağlam psixoloji vəziyyəti üçün mühümdür”.

Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, insan özünü müəyyən sahədə tələb olunan işçi kimi gördükdə özünüqiymətləndirmə səviyyəsi də yüksəlir:
“Məsələn, sosial aktivlik elm və təhsil sahəsində, habelə digər müəyyən özəl sektorlarda işləməyi nümunə göstərmək olar. Konkret şəraitə görə peşələrin bölgüsü önəmlidir, lakin nəticəyə baxsaq şəraiti dəyərləndirərək verilən qərarların səmərəliliyini cinslərə görə ayırmaq düzgün deyil”.

Ekspert qeyd edib ki, iş mühitindən əlavə, ailədaxili məsələlərdə də qadının səsi nəzərə alınmalıdır:
“Çox təəssüf, bir çox ailələrdə qadınların iş mühitində aktivliyi onların evə olan məsuliyyəti, uşağa olan qayğıları bölünmür. Yəni yükün çox hissəsi yenə də qadının üzərində qalır. Halbuki qadına da kişilər kimi işdən gəldikdən sonra evin məsuliyyətini birəbir yerinə yetirmək çətindir. Ona görə də ailədə evin məsuliyyəti cinsə görə ayrılmamalıdır. Sadəcə qadın “yoruldum” dediyi zaman bir lütf etmiş kimi “onda işləmə” deyilir. Əfsuslar olsun ki, maddi zorakılıq olan ailələrdə qadınlar işləməyə məcburdur”. 

Psixoloq vurğulayıb ki, rəhbər vəzifələrinə və ağır iş yükünə çox zaman qadınlar təyin olunmur:
“Qadının ailəsinin, övladının, qayğılarının olması buna əngəl kimi göstərilir. Bu stereotiplər dəyişmədikcə, qadınlar iş mühitinə uyğunlaşma problemi yaşayarlar. Ailədaxili stereotiplərdən başqa, bir çox müəssisələrdə işə qəbul zamanı psixoloji dəyərləndirmə yalnız sağlamlıq üzərindən aparılır. Qabiliyyətlər, idarəetmə bacarıqları, düşünmə tərzi, qərar qəbulu tipləri və s. kimi sorğular isə havada qalır”.

Elmir

0