Orta məktəblərdə summativ qiymətləndirmə sualları tədrisdən kənar mövzularla “zəngindir”

SOSİAL
19:40 / 22.01.2026
79

Artıq neçə illərdir ki, əksər valideynlər orta məktəblərdə imtahan suallarının düzgün hazırlanmamasına etiraz edirlər.

Valideynlər sualların əksəriyyətinin şagirdlərə keçirilən tədris proqramından uzaq mövzulara həsr edildiyi barədə narazılıqlarını bildirirlər. Əslində bu məsələ kifayət qədər ciddi, həttda deyərdim təhsil sektorunun ən ağrılı problemidir. 

Məsələn, 4-cü, 5-ci sinif şagirdlərinə elə suallar hazırlanır ki, bu suallardakı məzmun və məntiqin uşağın düşüncə miqyası, informasiya əhatəsi ilə qəti əlaqəsi olmur.

Sosioloq Mətləb Salahov Hit.az-a şərhində deyib ki, hazırda orka məktəblərdəki tədris prosesi və şagirdlərə ünvanlanan imtahan sualları ziddiyətli məqamlarla “zəngindir”:

390258

"Hətta aşağı sinif şagirdləri üçün hazırlanan imtahan suallarında tədrisdən kənar, şagirdlərin heç vaxt tanış olmadıqları mövzular üstünlük təşkil edir. Şəxsən mənim oğlum 4-cü sinifdə təhsil alır, 10 yaşı var. Təsəvvür edin ki, 4-cü sinifdə Böyük summativ qiymətləndirmə (BSQ) sualları başdan-ayağa fantaziyadır. 10 yaşlı 4-cü sinif şagirdinə “Toyota” və “Honda” avtomobil şirkətlərinin müqayisəsi, Honda adlı sahibkarın arvadının ziynət əşyaları barədə suallar daxil edilib. Bu, sadəcə dəhşətdir!".

Ekspert qeyd edib ki, 10 yaşlı azərbaycanlı ibtidai sinif şagirdi bu lazımsız, qeyri-ciddi sualların əvəzinə Azərbaycan tarixinə dair, əsasən də ona tədris edilən proqrama uyğun suallarla imtahana çəkilməlidir:

"10 yaşlı azərbaycanlı Məhəmməd bu iki avtomobil nəhəngi olan şirkətlərin rəqabətini, yaxud Honda adlı sahibkarın arvadına məxsus qızıl-ziynət əşyalarının miqdarını hardan bilsin? 

Axı bu uşaqların tədris dövründə hələ tanış olmadıqları belə əcaib mövzuları bu kiçik beyinlərə dürtüşdürmək nə vaxtdan “təhsildə innovasiya”, yaxud “yenilik” sayılıb? Əlbəttdə problem, imtahan suallarının hazırlanmasında, ildə bir neçə dəfə dəyişən qaydalarda və şagirdlərin ümumi səviyyəsinin nəzərə alınmamasındadır".

Sosioloqun sözlərinə görə, imtahanlarda istifadə olunan sualların əksəriyyəti elmi əhəmiyyətli deyil:

"Daha çox məntiqi və tapmaca xarakterli suallardan, şagirdlərin biliyini qiymətləndirə biləcək yox, daha çox çaşdıracaq suallardan istifadə olunur. Bu isə o deməkdir ki, sanki qəsdli şəkildə şagirdlərin elmə, daha çox bilik sahibi olmasına qarşı tələ qurulur.

Artıq buraxılış və qəbul imtahanlarında təqdim olunan suallar da ildən-ilə çətinləşdirilir. Nəzər yetirəndə görürsən ki, elə test sualları var ki, abituriyent illərlə hazırlaşsa da, onu cavablandıra bilməz, çox çətindir. İmtahan sualları elə tərtib edilməlidir ki, abituriyentlər onu cavablandıra bilsinlər".

Mətləb Salahov diqqətə çatdırıb ki, uşağı çətinə, dolaşığa salmaq lazım deyil:

"Abituriyentlərin həyatını məhv etmək olmaz. Buraxılış və qəbul imtahanları dövründə uşaqlar böyük həyəcan, stress, qorxu keçirirlər. İnsanları belə incitmək, bezdirmək olmaz. Məgər tədris prosesindən kənar əcaib mövzularda suallar tərtib etməklə gənclərin daha çox bilikli olmasınamı kömək etmiş oluruq? - əlbəttdə yox. Orta məktəblərdəki bu qeyri-ciddilik ona gətirib çıxarır ki, dövlətin tədris proqramına inam tamamilə itir, şagirdlər repetitor yanına axın edirlər. Bu isə həm təhsilin, həm də gələcək nəsillərin sonunu gətirən prosesdir".

Sevinc

0