“Psixologiyada “Halo effekti” deyilən bir anlayış var”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O, “Halo effekti”ndən bəhs edib:
“Bu effektə görə, bir insan haqqında ilk olaraq müsbət bir detal görürüksə, beynimiz avtomatik şəkildə onun digər xüsusiyyətlərini də müsbət kimi qəbul edir. Yəni bir sahədə yaxşı təsir bağışlayan insan bizə ümumilikdə də “yaxşı biri” kimi görünə bilir. Bunun əsas səbəbi beynin sürətli qərar vermək istəmə mexanizmidir”.
Ekspert qeyd edib ki, insan beyni hər kəsi dərindən analiz etməyə vaxt ayırmır:
“Ona görə də ilk aldığı məlumata əsaslanaraq ümumi nəticə çıxarır. Bu, beynin özünü müdafiə və enerjiyə qənaət etmə üsulu kimi qiymətləndirilə bilər. Uşaqlıqdan gördüklərimiz və eşitdiklərimiz də bu düşüncəni gücləndirir. Filmlərdə, hekayələrdə və ya gündəlik həyatda müəyyən xüsusiyyətlər “yaxşılıq”la əlaqələndirilir. Zamanla beyin bu əlaqələri avtomatik qəbul etməyə başlayır”.
Psixoloq onu da əlavə edib ki, “Halo effekti” yalnız xarici görünüşlə məhdudlaşmır:
“Bir insan yaxşı danışırsa, özünə inamlı, səliqəli və ya diqqət çəkirsə, o zaman onu daha ağıllı, dürüst və etibarlı hesab edə bilərik. Halbuki bu, insanın davranışları və dəyərləri haqqında tam məlumat vermir. Beyin eyni prinsipi ümumi münasibətlərimizdə də tətbiq edir. Yəni yaxın çevrəmizdə olanları, tez-tez görüşdüyümüz insanları və ya bizə bənzəyənləri daha müsbət qiymətləndiririk, onların xasiyyətini, bacarıqlarını və davranışlarını avtomatik olaraq yaxşı hesab edirik”.
Ülviyyə Ağazadə sözlərini belə yekunlaşdırıb:
“Əksinə, uzaqdan tanıdığımız və ya bizə fərqli gələn insanları şüursuz şəkildə daha mənfi qiymətləndirmək də eyni qərəzin bir hissəsidir. Yəni “tanıdığım insan yaxşıdır və ya tanımadığım insan pisdir” kimi düşüncələrimizin bir səbəbi də “Halo effekti”dir. Bu effekt isə bizi bəzən yanıldır. Faktiki olaraq, insanları olduğu kimi deyil, yaratdığımız təsvirə görə dəyərləndiririk. Ona görə də “Halo effekti” bizə xatırladır ki, ilk təəssürat rahatdır, amma bu, həmişə doğru olmur. İnsanı tanımaq üçün zamana və müşahidəyə ehtiyac var”.
Pərviz



