Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin 4 ildən bir olmaqla 3 dəfə hesablana bilər.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov təklif edib. Onun sözlərinə görə, işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alındıqda, bu dəyişiklik xeyli sayda vətəndaşın pensiyasında artımlara səbəb olacaq.
Qeyd edək ki, qanunvericiliyə görə, bu, 6 ildən bir olmaqla ümumilikdə 2 dəfə hesablanır.
Bəs deputatın təklifi qəbul olunsa, hansı sahədə çalışan şəxslərin pensiyalarında artımlar olacaq?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu dəyişiklik qəbul olunarsa, artımlar işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqqı ödənilən bütün işləyən pensiyaçıların pensiyasına şamil ediləcək:

"Yəni dövlət sektorunda çalışan müəllimlər, həkimlər, məmurlar, bələdiyyə işçiləri, habelə özəl sektorda çalışan ofis işçiləri, fəhlələr, xidmət sahəsində işləyənlər və digər muzdlu pensiyaçılar bundan faydalana bilərlər. Sadəcə əsas şərt ondan ibarətdir ki, pensiyaçı işlədiyi dövrdə onun fərdi pensiya kapitalına sosial sığorta haqları köçürülsün. Beləliklə, məhz işləmək və bu ödənişlərin edilməsi faktı pensiya artımına səbəb olacaq".
Sevinc


