İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.
Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla bağlı məlumat yayıb. Bildirilib ki, Komitə imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə 31 məsciddə vakant yer elan olunub. Həmçinin, kişi dini ayinlərin icraçısı vəzifəsi üzrə 9, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə isə 4 məsciddə müsahibə elan edilib.
Maraqlıdır, müsahibədə iştirak etmək istəyən namizədlər hansı üstünlüklərə və kriteriyalara sahib olmalıdır?
İlahiyyatçı Tural İrfan Hit.az-a şərhində bildirib ki, İslam dininə aid ibadət yerlərinə imam və imam müavini yerləri üzrə vakant yerlərə təyinat almaq üçün mütləq dini təhsil lazımdır:
"Dini ali və orta ixtisas təhsili sənədi mütləq olmalıdır. Müvafiq müsabiqədə iştirak etmək üçün müəyyən dünyəvi bilik və məlumatların, müvafiq arayışların olması da zəruridir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən namizədlər imtahandan edilirlər. Əvvəla qeyd etmək lazımdır ki, bu imtahan obyektiv və tam şəffaf olur. Yüksək ali dini biliklərə və təcrübəyə malik ekspertlər namizədin bilik və qabiliyyətini dəyərləndirirlər. İmtahan və təyinat məsələləri tamamilə şəffaf və ədalətli şəkildə baş tutur. Sadəcə ölkədə bir problem var ki, hələ də xaricdə təhsil adı ilə təsir alanlardan xilas ola bilməmişik".
Onun sözlərinə görə, bu da kadr çatışmazlığı ilə bağlıdır:
"Azərbaycan İlahiyyat İnstitutunun məzunları artıqca xaricdə təhsil alanlardan da xilas olmağı vacib sayıram. Əsasən ərəb ölkələrində və İranda təhsil almış şəxslər xalqımızın ənənəvi inancından tam fərqli, bəzən radikal, bəzən də məzhəbçiliyi təmsil edən siyasi İslamı yaymağa cəhd edirlər. Xaricdə dini təhsil alanlar hələ də bir çox məscidlərdə fəaliyyət göstərirlər. Ancaq onların hamısını eyniləşdirmək olmaz. Vətənpərvərliyini, milli düşüncəsini, mötədil inancını qoruyub saxlayanlar da var.
Ancaq yerli dini təhsil almış şəxslərə üstünlük verilməsini zəruri edən bir çox səbəb var. Təbii ki, bəzən ola bilər ki, xaricdə dini təhsil almış şəxsin dünyəvi dövlət quruluşuna, dini tolerantlığa baxışı tam məlum olmasın və təyin olunduqdan sonra fəaliyyəti zamanı təzahür etsin. O zaman artıq müvafiq tədbirlərin görülməsi lazım olur. Bu kimi hallardan, ehtimalallardan xilas olmaq üçün ölkəmizdə mötədil, milli ruhda ilahiyyatçılar, din xadimləri yetişməlidir".
Tural İrfan qeyd edib ki, din xadimi dini və dünyəvi yöndən savadlı, təhsilli, təcrübəli və milli düşüncəli, dövlətini sevən biri olmalıdır:
"Məzhəbçi, radikal, xurafatçıdırsa o fəsad törədəcək, nifaq salacaq. Elə şəxsləri təyin etmək olmaz. Əsasən mənəviyyatı təmiz adamları tapın təyin etmək lazımdır. Bəzən elə oxumuş, təhsilli şəxslər götürük ki, onlar dini təhsili yalnız peşə kimi, qazanc mənbəyi və vasitəsi üçün alıblar. Yəni elələri xalqa, mənəvi dəyərlərə xitmət etmir. Elələri din alverçiləridir. İbadət yerlərinə təyinat digər inzibati qurumlara kadr təyinatı ilə tam fərqlənməlidir.
Din xadimi üçün elm, təhsildən daha çox vicdan, mənəviyyat, əxlaq, vətənpərvərlik, milli düşüncə, dövlətə məhəbbət, xalqa sevgi vacib və önəmlidir. Hardasa təhsilsiz din xadimi olsa bu çox da böyük xəta sayılmaz. Amma hardasa vicdansız, əxlaqsız, vətənə xəyanət edən, dövlətə qarşı çıxan, xalqın arasında nifaq toxumu səpən, məzhəbçilik salan din xadimi olarsa bu fəlakət olar. Ona görə də təyinat xatirinə, harasa boş qalmasın deyə uyğunsuz şəxsləri də ibadət yerlərinə təyin etmək olmaz".
Sevinc


