Şagird sayı az olan məktəblərlə bağlı məsələ aktual olaraq qalmağa davam edir.
Hətta bu məsələ nazirlik tərəfindən bir neçə dəfə gündəmə gətirilib. Belə ki, şagird sayı az olan məktəblərin birləşdirilməsi və orada oxuyan şagirdlərin köçürülməsi istiqamətində müzakirələr aparılır. Üstəlik, Elm və təhsil naziri Emin Əmrullayev də ucqar kənd məktəblərində distant təhsilə keçid planlaşdırıldığını açıqlayıb.
Maraqlıdır, bu model uşaqların sosiallaşmasına və təhsilin keyfiyyətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, hazırda bölgələrdə kəskin müəllim çatışmazlığı var:

"Bu danılmaz faktdır. Distant təhsil vasitəsilə müəllim çatışmazlığı aradan qaldırılır. Hesab edirəm ki, bu da istər-istəməz şagirdlərin həmin fənlərdən axsamasının qarşısını ala bilər. Ancaq burada bəzi riskləri də nəzərə almaq lazımdır. Belə ki, regionlarda sabit internet yoxdur və davamlı olaraq elektrik kəsilir. Əgər ərazidə işıq yanmırsa, uşaq da dərsdə iştirak edə bilməyəcək".
Həmsöhbətimiz hesab edir ki, distant təhsili bütün ölkə üzrə deyil, pilot layihə kimi tətbiq etmək olar:
"Əsas məsələ ilk növbədə müəllimlərin bölgələrə getməsini cazibədar edən sistemin qurulmasıdır".
Günel


