"Valideynin dəyərləri ilə uşağın hüquqları arasında balans tənzimlənməlidir" - Nailə İsmayılova

SOSİAL
18:18 / 28.01.2026
49

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində uşaqların dini tərbiyəsi ilə bağlı mühüm müddəalar yer alıb.

Layihəyə əsasən, hər bir uşağın vicdan azadlığı tanınır və cəmiyyətdə hər kəs uşağın bu hüququna hörmətlə yanaşmalıdır. Sənəddə qeyd olunur ki, valideynlər və ya onları əvəz edən şəxslər qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Bununla yanaşı, uşaqların hər hansı dinə etiqad etməyə məcbur edilməsi qəti şəkildə qadağan edilir. 

Qanun layihəsində vurğulanır ki, dini tərbiyə uşağın fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməli, onun inkişafına zərər vurmamalıdır. Yeni qanun layihəsi uşaqların hüquqlarının daha effektiv qorunmasını, eyni zamanda valideynlərin tərbiyə hüququ ilə uşağın vicdan azadlığı arasında balansın təmin edilməsini hədəfləyir.

"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Hit.az-a açıqlamasında deyib ki, uşaqların dinə etiqad məsələsi çox incə, amma çox mühüm bir tarazlığı ifadə edir, belə ki, valideynin dəyərləri ilə uşağın hüquqları arasında balans müəyyən mənada tənzimlənməlidir: 

390661

"Təbii ki, uşaq dünyaya hazır inanclarla gəlmir. Sual vermək, müşahidə etmək, hiss etmək və tədricən anlamaq uşağın haqqıdır. Din yalnız qaydalar toplusu deyil – dərin mənəvi seçim, daxili inam və şüurlu qəbul tələb edən bir dəyər sistemidir. Məhz buna görə də dinin məcburiyyətlə deyil, nümunə və anlayışla ötürülməsi uşağın şəxsiyyətinin sağlam formalaşması baxımından həyati əhəmiyyət kəsb edir. “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində bu məsələnin xüsusi vurğulanması, uşağın artıq təkcə ailə daxilində deyil, həm də cəmiyyətdə müstəqil hüquqlara malik sosial fərd kimi qəbul edildiyini göstərir".

Ekspert qeyd edib ki, valideynlər öz dini dünyagörüşlərini uşaqlarına ötürə bilərlər, lakin bu ötürmə təzyiq göstərməklə deyil, dialoqla, söhbət edərək ünsiyyət qurmaqla, bildiklərini doğru-dürüst anlatmaqla, qorxuyla, cəzayla deyil, sevgiylə izah edərək ötürülməlidir:

"Ən əsası da uşağın dini tərbiyəsi onun psixoloji və fiziki sağlamlığına zərər vurmamalıdır, çünki qorxu ilə qəbul etdirilən inanc, zamanla ya üsyana, ya da daxili ziddiyyətlərə səbəb olacaq. Məcbur edilən ibadət mənasız şüursuz yerinə yetirilən dini davranışdır ki, bu da uşağın dinəqarşı olan  sağlam düşüncəsinə, bir sözlə, münasibətinə mane olur. Uşağa “inanmalısan” demək düzgün dini tərbiyə üsulu deyil, biz sadəcə uşağın düşünməyinə, soruşmağına, anlamağına zaman verərək ona nəyə haaqı olduğunu izah etməliyik. Uşaq özü valideyninin davranışında mərhəməti, ədaləti, dürüstlüyü müşahidə etdikcə təbii şəkildə onda  dinə münasibət yaranacaq".

Həmsöhbətimiz əlavə edib ki, uşaqlar ən çox ona deyiləni yox, gördüyünü daha çox mənimsəyir:

"Bu yanaşma nə dini zəiflədir, nə də ailə dəyərlərini sarsıdır. Tam əksi, şüurlu, sağlam və səmimi inanca sahib nəsillərin yetişməsi üçün zəmin yaradır. Məcburiyyət üzərində qurulan iman qısaömürlüdür. Anlayış və sevgi ilə formalaşan iman isə insanın bütün həyatına və yaşamına  sirayət edir. Uşağı qorumaq, onun seçim haqqını qorumaqdır. Uşağı tərbiyə etmək, onun şəxsiyyətini əzmədən yol göstərməkdir. Din isə yalnız azad qəlbdə kök sala bilən bir dəyərdir".

Günel

0