Hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də məhz ailədir.
Bütün dövrlərdə böyüklərə hörmət, qadınlara qarşı diqqətli olmaq Azərbaycan ailəsinin əsas dəyərlərindən biri olub. Lakin əfsuslar olsun ki, bu dəyərlər zamanla bu deqradasiyaya uğrayıb.
Keçmişdə bu prinsiplər təkcə ailə daxilində deyil, ümumilikdə ictimai münasibətlərdə də açıq şəkildə hiss olunurdu. Artıq böyüyə hörmət illər öncəki ilə eyni səviyyədə deyil.
Üstəlik, bu deqradasiyanı gündəlik həyatın ən adi məkanlarında belə görmək mümkündür. Xüsusilə ictimai nəqliyyatda rast gəlinən mənzərələr olduqca narahatedicidir. Belə ki, tələbələr və gənclər metroda otururlar, başlarının üstündə isə ağ saçlı, yaşlı qadın, ahıl kişilər birtəhər ayaqüstə dayanmağa çalışırlar. Həmin gənclər isə telefon ekranına köklənir və ətraflarında baş verənləri görməzdən gəlirlər.
Beləliklə, böyüyə hörmət anlayışı da davranış normasından çıxarılır. Bundan əlavə, ailə dəyərləri də artıq yox olmaq üzrədir. Nəzərə almaq lazımdır ki, boşanmaların sayı günü-gündən artır. Rəsmi statistikalar da bunu təsdiq edir. Elə təəssürat yaranır ki, sanki evlənənlərin əksəriyyəti ailə qurarkən onun davamlılığını deyil, ən geci 6 aydan sonra boşanacağına dair hazırlaşıblar və ya kimlərəsə söz veriblər. Yəni bu dəyərlərin itirilməsi gələcək nəsillərin formalaşmasına da çox mənfi təsir göstərir...
Günel


