Restoranlar mahnıya görə müəllifə ödəniş etməlidir?

SOSİAL
14:40 / 29.01.2026
127

Son günlərdə restoran, kafe və digər iaşə obyektlərində səsləndirilən yerli və xarici musiqilərə görə sahibkarlardan ödəniş tələb olunmağa başlayıb.

Bu isə birmənalı qarşılanmayıb. Hətta sahibkarlar arasında narazılığa səbəb olub. Onlar, məkanlarında səsləndirilən musiqiyə görə ödəniş etmələrinin doğru olmadığını söyləyirlər.

Ümumiyyətlə, restoran və ya kafedə səsləndirilən musiqilərə görə sahibkarlardan ödəniş tələb olunması nə dərəcədə düzgündür? 

Mövzu ilə bağlı hüquqşunas Əkrəm Həsənov Hit.az-a danışıb. O bildirib ki, restoran, kafe və digər iaşə obyektlərində sahibkarlıq məqsədilə hər hansı müəllifin mahnısından istifadə edilirsə, müəllifin obyekt sahibindən qonorar tələb etmək üçün hüququ var:

390749

"Qanunvericiliyə əsasən, bu sahədə fəaliyyət göstərən ictimai birliklər müəlliflərlə rəsmi müqavilə bağlamalı və ictimai məkanları bu barədə məlumatlandırmalıdır. Restoranlar, kafelər və digər iaşə obyektləri də bu qaydaya uyğun olaraq müəllifə ödəniş etməlidir".

Ekspert qeyd edib ki, hazırda ölkədə bir neçə belə ictimai birlik fəaliyyət göstərsə də, onlara etimad yüksək deyil:

"Bunun əsas səbəbi həmin birliklərin bəzilərinin müəlliflərlə rəsmi müqavilələrinin olmamasıdır. Bu halda sahibkar onların tələblərinə etibar etmir. Sadəcə şifahi iddiaya əsaslanaraq ödəniş etmək düzgün hesab edilə bilməz. Sahibkar pul tələb edən şəxsin və ya qurumun həqiqətən müəllif hüquqlarını qoruduğunu rəsmi sənədlərlə sübut etməsini tələb etməlidir. Əks halda, bu hal qanunsuzluq sayılır".

Günel

0