“Bəzən insanlar nə isə etməyə başlayırlar, lakin sonradan həvəsdən düşərək onu axıra kimi çatdırmırlar”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəbləri barədə danışıb:
“Əslində, hər getdiyimiz yoldan geri qayıtmağa çalışmaq həvəsdən düşmək və ya iradəsizlik deyil. Sözsüz ki, yaşadığımız hekayələr, böyüdüyümüz həyat şəraiti, gördüyümüz işdən hansı formada təsirləndiyimizə nəzər yetirməliyik. Əgər biz hər zaman gördüyümüz işi yarım buraxıb geri qayıdırıqsa, deməli, qurduğumuz planda, özümüzə duyduğumuz dəyərdə və özgüvəndə artıq bir yarımçıqlıq var. Bu yarımçıqlığı tamamlamaq üçün bundan öncə yarım qoyduğumuz işləri həll etmək lazımdır. Bir növ o gücsüzlüyü və iradəsizliyi düzəltməliyik. Daha doğrusu, özümüzü toplamağa başlamalıyıq”.
Ekspert qeyd edib ki, bəzi insanlar bir yolu gedib tamamlamaq üçün ideal olmağa çalışırlar:
“Əslində unuduruq ki, bir yolda hədəfli və planlı olaraq, aram-aram dinlənərək addımlamaq daha gözəldir. Lakin mükəmməl olmağa çalışıb, özümüzə verəcəyimiz “güc” və ya “motivasiya” bizi daha çox həvəsdən salacaq. İlk növbədə böyük bir qüvvə və özümüzü köklədiyimiz böyük bir həyəcanla işə başlayırıq. Ancaq o qədər böyük bir həyəcan, stress və qüvvə ilə “bacaracam, edəcəm” deyib özümüzü yüklədiyimiz və gedəcəyimiz yolda mükəmməliyyətçiliyə yönəldiyimiz üçün bəzi axsaqlıqlar olanda həvəsdən düşürük. Buna görə də yolu yarım buraxmaq düşüncəsi yaranmağa başlayır”.
Psixoloq vurğulayıb ki, həyatda hər şey mükəmməl olmur:
“Gedəcəyimiz yolun bizə nələr qazandırdığını mütləq şəkildə bilməliyik. Bu yolda atacağımız addımların təhsilimiz və ya gələcəyimiz üçün nə qədər önəmli olduğunu düşünməliyik. Bir neçə ilə olsa da, səbr etmək lazımdır. Bunu bacaracağımıza əmin olmalıyıq. Bu yoldakı hədəflərimizi və yeri gələndə narahatçılıq hissləri də yaşacayağımızı da düşünməliyik.
Bəzən də içimizdə bir qorxu hissi də olur. Düşünürük ki, birdən bacarmasaq bizi qınayarlar və ya getdiyimiz yolda çox çətinliklərlə qarşılaşarıq. Unutmamalıyıq ki, həyat onsuz da mübarizə və mücadilədir. Yəni hansı yolda, hara gediriksə gedək, bu mübarizə və mücadilə ilə mütləq dərəcədə qarşılaşa bilərik”.
Nabat Mirzəyeva əlavə edib ki, hansı hədəfə və ya xəyala doğru addımlayırıqsa, o uğurlu yola gedəcəyimiz yolu kiçik-kiçik başlatmalıyıq:
“Necə ki, bir binanın təməli qoyularsa, öncə təməli qazılar, sonra kiçik-kiçik də olsa sütunlar qoyular və betonlar tökülər. Unutmayın, binanın görünən hissəsi məhz sonda düzəlir. Deməli, biz də arzu və hədəflərimizə, xəyallarımıza doğru gedilən yolu get-gedə artırın. Bu gün 20 dəqiqə, sabah 20 dəqiqə, o biri gün 30 dəqiqə, digər gün 40 dəqiqə.
Yəni bu hədəfə kiçik-kiçik, alışa-alışa o gücü, iradəni, qüvvəni istiqaməti özünüzdə toplaya-toplaya yaratmağa çalışın. Hər daim qorxularınızın əsiri olsınız, keçmiş yaşantılarınızı özünüzü təslim edərsinizsə, gələcəyinizi qurmaqda hər zaman çətinlik çəkəcəksiniz. Çətinlik çəkməməyiniz üçün isə mütləq dərəcədə özümüzə dönməlisiniz”.
Pərviz


