Uşaqları dinə məcbur etmək düzgündür?

SOSİAL
15:19 / 30.01.2026
47

"Dinlərin mahiyyətində məcburiyyət yoxdur. Quranda da dində məcburiyyətin olmadığına dair ayələr var. Uşaqları hansısa dinə, inanca məcbur etmək olmaz. Din də buna qarşıdır". 

Bu fikirləri ilahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib. 

O qeyd edib ki, insan müstəqil şəkildə düşünüb könüllü qərar verməlidir:

"Bunun üçün də onun həddi buluğa çatması vacibdir. Həddi buluğa çatmamış uşaqları məcburi şəkildə hansısa dinə etiqad bəsləməyə, əməl etməyə sövq etmək həm dinə həm də qanuna ziddir. Uşaqların hüquqlarının qorunması sarıdan bu mütərəqqi qanundur. Lakin təkmilləşməsinə ehtiyac var".

390818

Ekspert qeyd edib ki, bunun üçün də gələcəkdə ictimai müzakirə olmalıdır:

"Uşaq hansı yaşda və nə zaman hüquqlarının pozulması ilə bağlı hara müraciət edəcəyi aydınlaşmalıdır. Dinə məcbur etmək və dini inancına uyğun tərbiyə etməyi hansı üsulla ayırd edəcəklər və yaxud bu inancın sərhədləri məlumdurmu... Bu kimi bir sıra suallara gərək cavab olsun. Valideynlərin özlərinin dini inancının sağlam olmasını hansı mexanizm tənzimləyəcək, bu da cavablanmalıdır".

Tural İrfanın sözlərinə görə, bəzi hallarda azyaşlıların dini ayinlərə, tədbirlərə cəlb edilməsi məsələsində şəffaflıq olmalıdır: "Birinin dini inancına görə uşaqlar da məscidə gedib Aşurada sinə vurmalıdır? Uşağı bu tərbiyədə yetişdirən valideyn bundan hansı üsulda imtina etməli olacaq. Yaxud digərinin inancına görə azyaşlı qız uşaqları da başına hicab örtməlidir? O da uşağını bu tərbiyədə böyüdəcək. Sonradan ziddiyyətlərin olmaması, hərətəfli və əhatəli tələblərə cavab verməsi üçün müvafiq qanunun təfsilatı verilməli, cəmiyyətə tam aydın izah olunmalıdır. Əgər insanlar tam anlasalar bu qanunun tətbiqi daha asan olar. Ümumilikdə hesab edirəm ki, sözü gedən qanunun qəbulu müsbətdir".

Günel

0