“Bu gün sosial şəbəkələrdə başqalarının həyatlarına baxaraq özünü geri qalmış hiss etmək hər kəsin tanış olduğu daxili bir narahatlığa çevrilib”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insan bəzən sadəcə telefonunu əlində tutur və fərqinə varmadan düşünməyə başlayır:
“Bəzən “İnsanlar haradadır, nə yaşayır, bəs mən niyə burada və bu haldayam?” kimi sualları düşünürük. Məhz bu səssiz müqayisə prosesi psixologiyada FOMO kimi tanınan psixoloji halın əsasını təşkil edir. Bu anlayış çox vaxt “xəstəlik” kimi təqdim olunsa da, əslində daha çox müasir dövrün yaratdığı emosional reaksiyadır. Ümumiyyətlə, FOMO-nun yaranmasında sosial şəbəkələrin təqdim etdiyi reallıq xüsusi rol oynayır. İnsanlar adətən həyatlarının ən parlaq, ən uğurlu və ən xoş anlarını paylaşırlar. Çətinliklər, tərəddüdlər və tək qalınan gecələr isə kadrın kənarında qalır”.
Ekspert qeyd edib ki, nəticə izləyən şəxs başqalarının həyatını bütöv, öz həyatını isə natamam kimi qavramağa başlayır:
“Bu, real olmayan bir müqayisə yaradır və insanın öz daxili dəyər hissini sarsıdır. Sözügedən hissi gücləndirən isə aid olma ehtiyacıdır. İnsan sosial varlıqdır və haradasa, kimlərinsə içində olmağa, paylaşmağa ehtiyac duyur. Sosial şəbəkələrdə davamlı görüntülər insanın özündən kənarda gedən bir həyat olduğu düşüncəsini formalaşdırır. Sanki nələrsə baş verir və insan həmin anlarda orada deyil. Bu da şüuraltında narahatlıq, tələsiklik və qərarsızlığın yaranmasına səbəb olur”.
Psixoloqun sözlərinə görə, zamanla FOMO insanın diqqətini öz həyatından uzaqlaşdırır:
“İnsan nə istədiyini deyil, başqalarının nə etdiyini izləməyə başlayır. Öz seçimlərinə inam azalır, onda “daha yaxşısı ola bilərdi” düşüncəsi güclənir. Sosial şəbəkədən gələn davamlı bildirişlər və təsdiq mexanizmi isə bu dövrəni daha da dərinləşdirir. Eyni zamanda, beyində qısa müddətli rahatlama yaratsa da, uzunmüddətli məmnuniyyətsizliyi artırır”.
Mütəxəssiz əlavə edib ki, insanın real həyatda sahib olduqlarını görməməyə başlaması FOMO-nun ən təhlükəli tərəfidir:
“Təəssüf ki, insan öz ritmini, ehtiyaclarını və emosional sərhədlərini itirir. Halbuki psixoloji sağlamlıq başqalarının harada olduğunu izləməkdən yox, insanın öz daxili dünyası ilə əlaqədə qalmasından keçir. Unutmayın ki, sosial şəbəkələr həyatın özü deyil. Onların seçilmiş bir vitrini olduğunu dərk etmək isə bu dövrdə hər bir insan üçün vacib psixoloji dayaq nöqtəsidir”.
Pərviz



