Pir və ziyarətgahlara getməkdə məqsəd nədir?

SOSİAL
18:20 / 03.02.2026
188

İnsan qəlbi daralanda, məntiqlə izah olunmayan bir qüvvəyə söykənmək istəyir.

Artıq əsrlərdir ki, pirlər və ocaqlar sarsılmış qəlblərin işığına çevrilib. Əslində, insanların bu məkanlara üz tutması, onların hələ də möcüzələrə inanmaq istəyindən xəbər verir.

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, pir və ziyarətgahların fərqi var:

"Bəziləri var ki, orada vaxtilə ömrünü ibadətə, elmə vermiş tanınmış övliya və seyidlər dəfn olunub. Bu şəxsləri ziyarət etmək, onlar üçün dua etmək insana yüngüllük gətirir. Bu gözəl işdir.

Amma bir şərtlə ki, dua Allaha edilsin. Qəbirdə yatan ölü heç bir qüdrətə sahib deyil. Bir də elə pirlər var ki, orada insan dəfn olunmayıb. Daş, ağac, qaya, təbiət hadisəsi nəticəsində yaranmış qəribə əşyalardır. Əlbəttə ki, belə yerləri ziyarət etmək və oradan nəsə ummaq dinə ziddir. Bu İslam dinində Allah şərik qoşmaq yaxud Allaha ümidsizlik etmək kimi xarakterizə olunur. Elə yerləri turizm məqsədi ilə ziyarət etmək, maraqlı abidə kimi yaşatmaq olar".

Lakin ekspert qeyd edib ki, inanc və imdad mənbəyi olaraq müqəddəsləşdirmək məqsədəuyğun deyil:

"İslam dininə görə, insan istədiyi yerdə Allaha dua edə bilər. Çünki Allah ona şah damarından daha yaxındır və mehribandır. Damarından ona yaxın olan Allahdan küsüb uzaqlara Allah axtarmağa getmək İslamın, Quranın ruhu ilə uyğun gəlmir. Həmçinin, məsciddə dua edilməlidir. Peyğəmbər, imam, övliya, seyid kimi adamların da ziyarətində olmaq, həm onlar üçün həm də özü üçün Allaha dua etmək gözəl və savabdır. 

Ancaq daş, qaya, ağac kimi pirlər əsasən əvvəlki dinlərdən qalıb. Şamanizm, bütpərəstlik, atəşpərəstlik kimi mövcud olmuş dinlərdən qalma ənənələrdir. Təbii ki, biz İslamın mövqeyini ifadə edirik. İnsanlarsa, inancında sərbəstdir. Daşa, ağaca, dəmirə, ayaq izinə sitayiş edənlər də var. Bu da öz işləridir".

391122

İlahiyyatçı vurğulayıb ki, bu inanc və ənənəni İslama bağlamaq olmaz:

"Çünki İslamın elə nazil olma səbəbi, fəlsəfəsi məhz insanları bu cür bütpərəstlikdən, Allahdan başqasın sitayişdən çəkindirmək idi. Onsuz da İslamdan əvvəl adamlar Allaha inanırdılar. Sadəcə bütlər, heykəllər, daş və qayalar yonub onları şərik, vasitəçi qərar verirdilər. Bu məntiqlə indiki vəziyyəti də onunla müqayisə etmək olar. 

Hər bir halda, hər kəsin öz inancı, etiqadı var. Ona görə mübahisə yaratmaq da doğru deyil. Quranda deyilir ki, hər şey bəyan olunub. Allahdan böyük ümid yeri yoxdur. Onun yaratmış olduğu daş, qaya, ayaq izi və ya ölülər insana heç nə verə bilməz. Çünki enerjiləri tükənib, habelə onlar şüurlu varlıq da deyillər. Allah isə bütün şeylərə gücü yetən, hər yerdə bəndəsini bilavasitə müşayiət edən Ali Yaradandır. Ona görə də insanlar Allaha üz tutub, ondan ümid umsalar daha yaxşı olar".

Günel

0