“Zərif Zəfər” qadın zərifliyi və gücünü bir araya gətirəcək - FOTO

SOSİAL
15:35 / 04.02.2026
54

Müasir cəmiyyətdə qadınların həm estetik, həm də peşəkar gücünün ön plana çıxarılması getdikcə daha böyük əhəmiyyət daşıyır. Məhz bu yanaşmadan irəli gələrək 1 mart tarixində Bakıda yerləşən Horse Breeze restoranında “Zərif Zəfər” mükafatlandırılma mərasimi keçiriləcək.

Tədbir "Credence Group" və "Social Bee"nin təşkilatçılığı ilə reallaşacaq.

“Zərif Zəfər” layihəsi qadınların yalnız zəriflik və estetik anlayışı ilə deyil, eyni zamanda biznes, yaradıcılıq və peşəkar sahələrdəki uğurları ilə tanıdılmasını hədəfləyir. Layihənin əsas ideyası qadının incə ruhunu onun liderlik bacarığı, qərarvermə gücü və cəmiyyətdəki təsir imkanları ilə bir araya gətirməkdir.

Gecədə tanınmış ictimai xadimlər, sənət adamları, blogerlər, media nümayəndələri, müxtəlif sahələrdə uğur qazanan xanımlar və mütəxəssislər iştirak edəcək. Tədbir həm rəsmi mükafatlandırma mərasimi, həm də şəbəkələşmə (networking) və fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayacaq.

Tədbirin mədəni hissəsində gecənin ən yaddaqalan məqamlarından biri tanınmış modelyer-dizayner Mətanət Bayramovanın hazırladığı “Milli Musiqi” adlı xüsusi moda kompozisiyasının nümayişi olacaq. Bu kompozisiya milli musiqi motivlərinin müasir dizayn dili ilə sintezini əks etdirərək, Azərbaycan mədəniyyətinin estetik dəyərlərini yeni baxış bucağından təqdim edəcək.

“Zərif Zəfər” mərasiminin əsas hissəsi isə mükafatlandırma mərhələsidir. Burada müxtəlif sahələrdə fərqlənən şəxslərə mükafatlar təqdim olunacaq. Mükafatları təqdim edəcək tanınmış simalar sırasında Sakit Səmədov (Destek Groupun rəhbəri), tanınmış marketoloq Səfər Aslanov, modelyer Fəxriyyə Xələfova və "SQB"nin sədri Zenfira Ağayeva yer alacaq.

Mükafatlandırma mərasimi qadınların cəmiyyətin müxtəlif sahələrində qazandıqları nailiyyətlərin tanınması ilə yanaşı, gənc nəsil üçün də motivasiya və ilham mənbəyi kimi nəzərdə tutulur. Layihə təşkilatçıları hesab edirlər ki, belə təşəbbüslər qadınların sosial və iqtisadi həyatda rolunun daha da güclənməsinə, onların uğur hekayələrinin görünən olmasına xidmət edir.

Gecə çərçivəsində bir çox yerli və tanınmış markaların stendləri qurulacaq, iştirakçılar bu stendlərdə məhsul və xidmətlərlə yaxından tanış olmaq, eləcə də birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

“Zərif Zəfər” təkcə bir tədbir deyil, qadın potensialının, zərifliyin və gücün harmoniyasını təbliğ edən uzunmüddətli ideyanın təzahürü kimi qiymətləndirilir. Tədbirin gələcək illərdə də davam etdirilməsi və daha geniş auditoriyanı əhatə etməsi planlaşdırılır.

Qeyd edək ki, Rmedia şirkəti Metbuat.az və Kredit.az saytları layihəyə media dəstəyi verir.

0