Belə bir misal var: uşaq adı ilə böyüyür.
Ancaq təəssüf ki, cəmiyyətimizdə bəzən elə adlar qoyulur ki, bu adlar uşaqlarda gələcəkdə utanc hissi yaradır. Çünki adlarına görə gülüş obyektinə çevrilirlər. Bu günlərdə Ədliyyə Nazirliyi son 5 ildə uşaqlara qoyulan qeyri-adi adları açıqlayıb.
Belə ki, ötən 5 il ərzində uşaqlara Nənəş (3), Əmənulla (2), Gilə (2), İqlimə (1), Mahama (4), Piyalə (2), Səyahət (1), Təbib (2), Alov (2), Ocaq (1) kimi adlar verilib. Hətta uşaqlara Türmə, Cinəyət və digər qeyri-adlar qoyulub.
Maraqlıdır, valideynlər nə üçün övladının adını, gələcəyini bu cür seçimlərlə məhv edirlər?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, valideyn övladına ad qoyarkən diqqətli olmalıdır:
"Elə ad seçilməlidir ki, övladı gələcəkdə bu ada görə utanmasın. Nəzərə almaq lazımdır ki, belə qeyri-adi adları daşıyan uşaqlar aqresiv olur, cəmiyyət içinə çıxmır və heç kimlə dostluq etmirlər. Onlar, sosiallaşmaq əvəzinə özlərinə qapanır və adlarına görə içdən-içə valideynlərinə nifrət edirlər. Bir zamanlar uşağa Traktır, Kombayn kimi də adlar qoyurdular. Bu kimi qəribə adları körpəsinə qoyan adamlar onları mənəvi cəhətdən necə sındırdığını başa düşmək istəmirlər və hətta öz seçimlərində haqlı olduğunu iddia edirlər".
Psixoloq qeyd edib ki, bu valideynlər zaman keçəndən sonra peşman olurlar:
"Lakin sonrakı peşmançılıq fayda vermir. Ona görə də ad seçimlərində diqqətli olmaqda fayda var. "Adlar və soyadlar” komissiyasın bu məsələdə çox diqqətli olmalıdır. Yəni kimin ağlına gülməli nə ad gəlirsə, o adı uşağa qoymaq düzgün deyil. Hesab edirəm ki, uşaqlarına belə adların qoyulmasında israr edən valideynlərlə maarifləndirmə işi aparılmalıdır".
Günel


