Uşaqlarımızı sosial şəbəkə fenomenlərindən necə qoruyaq?

SOSİAL
14:45 / 05.02.2026
110

XXI əsr internet və texnologiya əsridir. Bu dövrün uşaqları da telefon aludəçisi olub sosial şəbəkələrdən aktiv şəkildə istifadə edirlər. 

Müasir dövrün uşaqları Alfa nəsli hesab olunurlar. Süni intellekt və yüksək texnologiya mühitində böyüyən uşaqların smartfonlardan istifadə etməməsi və ya onlara bu yöndə qadağa qoyulması demək olar ki, artıq mümkün deyil. Biz valideynlər uşaqları telefondan uzaq tutmağa çalışsaq da, onlar hansısa yolla sosial şəbəkələrə qoşulur və orada baş verənləri izləyirlər.

Təəssüf ki, bu gün sosial şəbəkələr, xüsusilə də "TikTok" platforması uşaqlar üçün uyğun məkan sayılmır. Bu platformanın uşaqların gələcəyinə mənfi təsir göstərdiyini desək, yanılmarıq. Çünki "TikTok"da elə istifadəçilər var ki, onları izləyən məktəblilər və yeniyetmələr özlərini onlara bənzətmək istəyirlər. 

Kimisi Baboşa, kimisi Ləmana, digərləri isə Velizara və başqalarına oxşamağa çalışırlar. Nəzərə almaq lazımdır ki, bu insanlar "TikTok"da canlı yayım açan zaman yüzlərlə yox, minlərlə insan onlara baxır və hətta bahalı hədiyyələr göndərirlər. Onlar isə telefonun o biri tərəfində təlxəklik edərək, asan yolla qazanc əldə edirlər.

Nəticədə, gələcəyimiz sayılan uşaqlar sosial şəbəkə fenomenlərinə bənzəməyə, onlar kimi yaşamağa və həyat tərzi sürməyə can atırlar. Ancaq anlamırlar ki, arzuladıqları bu həyat tərzi onların gələcəyini və valideynlərinin ümidlərini məhv edə bilər. Bu səbəbdən də sosial şəbəkə uşaqlar üçün təhlükəli bomba sayılır. 

Yetkinlik yaşına çatmayan övladlarımızın populyar olmaq üçün özlərini sosial şəbəkə fenomenlərinə bənzətməsi, onlar kimi olmaq arzularının gerçək olmaması üçün hər kəs məsuliyyətli olmalıdır. Tək valideynlər deyil, uşağın ətrafında olan hər kəs bu məsələdə birlik olmalıdır. Bir sözlə, sağlam gələcək üçün uşaqları sosial şəbəkədən qorumaq lazımdır...

Günel

0