Ədliyyə naziri Fərid Əhmədov Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumundakı çıxışında bildirib ki, Azərbaycanda hüquqşünas çatışmazlığı var və təhsil müəssisələrindən hər il bu ixtisas üzrə 1 400 nəfər məzun olur. Nazir əlavə edib ki, hər 100 min vətəndaşa 14 hüquqşünas düşür. Həmçinin qeyd olunub ki, vəkillərin sayına baxdıqda isə hər 100 min vətəndaşa 28 vəkilin düşdüyü görünür.
Görəsən, universitetlərin hüquq fakültələrində plan yerlərinin artırılması nə qədər realdır və say artırılarsa, bu, işsizlər ordusu yaratmayacaq ki?
Qeyd edək ki, hazırda Azərbaycanda Bakı Dövlət Universitetində, Dövlət İdarəçilik Akademiyasında, ADA Universitetində, Qarabağ Universitetində, Naxçıvan Dövlət Universitetində, Milli Aviasiya Akademiyasında, Gömrük Akademiyasında, Polis Akademiyasında, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında hüquqşünaslıq ixtisası tədris olunur.
Məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, süni intellektin inkişafı hüquqşünaslıq ixtisasına təsir göstərə bilər.
O vurğulayıb ki, sözügedən ixtisas üzrə kifayət qədər qəbul aparılır:
"Hüquqşünaslar üçün qəbul aparılırsa, onlar üçün iş imkanları da yaradılmalıdır. Düşünürəm ki, hazırkı plan yerləri yetərlidir. Maksimum Qarabağ Universitetində 5-10 yer artırıla bilər. Amma bunu bütün universitetlərə şamil etmək olmaz. Çünki bu, işsizlər ordusu yaradacaq. Hazırda artıq belə bir vəziyyət formalaşıb. Məzunların əksəriyyəti vəkillik fəaliyyəti ilə məşğul olmağa çalışır. Bunun qarşısını almaq üçün mövcud plan yerlərinin saxlanılması məqsədəuyğundur".
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev isə Oxu.Az-a bildirib ki, ölkədə hüquqşünasların sayı çox olsa da, onların hamısı işəyararlı deyil.
Ə.Nuriyevin fikrincə, bu anlayışları qarışdırmaq olmaz:
"Bundan başqa, məzun olan şəxslərdən neçəsi məhkəmə işlərini aparmaq iqtidarındadır? Neçəsi dövlət orqanlarında hüquqi rəy yazıb məsuliyyətini üzərinə götürə bilər? Hüquqi düşüncə ilə bağlı elementar biliklərə malik olmayanlar kifayət qədərdir. Bizdə praktik hüquqşünaslar azdır. Hüquq fakültələri ilə müvafiq dövlət orqanları arasında əlaqələr yetərli deyil. Plan yerlərini artırmaq problem deyil, çətin olan - keyfiyyəti artırmaqdır. Plan yerləri artsa, işsiz hüquqşünaslar ordusu yaranacaq. Hüquq kütləviləşəndə isə peşə dəyərini itirir".
Plan yerlərinin artırılması ilə bağlı Elm və Təhsil Nazirliyidən bildirilib ki, ali təhsil müəssisələrində hüquq ixtisası üzrə plan yerləri hər il ölkənin sosial-iqtisadi prioritetləri, əmək bazarının tələbatı, aidiyyəti qurumların rəyləri və universitetlərin maddi-texniki imkanları nəzərə alınmaqla müəyyən edilir.
Qeyd olundu ki, gələcəkdə plan yerlərinin artırılması məsələsinə isə əmək bazarının real ehtiyacı, tədrisin keyfiyyətinin qorunması və mövcud infrastruktur imkanları əsasında baxılacaq.


