Məlum olduğu kimi, Azərbaycanda son vaxtlarda yas mərasimlərində dəbdəbəli süfrələrin qurulmasına rəsmi səviyyədə qadağalar qoyulub.
Artıq əksər bölgələrdə bu qadağalara əməl olunur. Üstəlik, bu addım ictimaiyyət tərəfindən də müsbət qarşılanır. O da məlumdur ki, israfçılıq təkcə yas mərasimlərində deyil, toylarda da müşahidə olunur.
Lakin toylarda yaşanan israfçılığı sadalamaqla bitməz. Biz bu dəfə adət-ənənələrin yaşadılması naminə edilən xərclərdən deyil, məhz restoran və şadlıq evlərində toy mərasimləri zamanı baş verən israfçılıqdan bəhs edəcəyik.
Hər kəs bilir ki, toylarda masalar çeşid-çeşid təamlarla bəzədilir. Rəngarəng salatlar, müxtəlif növ isti yeməklər, içkilər və sair masaları gözəlləşdirir. Ancaq həmin masalarda əyləşən qonaqlar bu təamların hər birinin dadına baxmırlar. Qonaqlar adətən bir-iki növ salat yeyir, daha sonra isə kababla kifayətlənirlər.
Nəticədə, stolun üzərinə düzülən rəngarəng salatlar və çeşidli qəlyanaltıların böyük hissəsinə toxunulmur. Buna baxmayaraq, şadlıq evi sahibləri həmin təamların hamısının pulunu toy sahibindən alırlar. Yəni yeməklər yeyilsə də, yeyilməsə də, bu məbləğ ödənilməlidir.
Hazırda şadlıq evlərində bir nəfər üçün menyunun qiyməti orta hesabla 100-300 manat təşkil edir. Halbuki toyların daha sadə formada keçirilməsi mümkün ola bilər. Bu halda həm toy sahibinə maddi və mənəvi dəstək göstərilmiş olar, həm də insanlar məclisdən sağlamlıqlarına zərər dəymədən ayrılarlar.
Şadlıq evlərində vaxtı keçmiş qidalardan zəhərlənmə hallarını da nəzərə alsaq, belə bir yanaşma hər kəs üçün məqbul sayıla bilər. Yəni yas mərasimləri ilə yanaşı, toy məclislərində də israfçılığın qarşısı alınmalıdır.
Günel


