Hazırkı dövrdə təhsilə dəyər verilirmi?

SOSİAL
20:59 / 10.02.2026
46

“Təhsildə dəyər anlayışı” dedikdə, yalnız bilik ötürülməsi deyil, insanın şəxsiyyət kimi formalaşmasında təhsilin daşıdığı mənəvi, sosial və intellektual missiya nəzərdə tutulur. 

Təhsil insanın düşüncə tərzini, dünyagörüşünü, etik mövqeyini və cəmiyyətə münasibətini formalaşdıran əsas institutlardan biridir. Lakin müasir dövrdə bir çox sahələrdə olduğu kimi, təhsildə də dəyərlərin tədricən deqradasiyaya uğraması müşahidə olunur. 

Bilikdən çox formal diplomun önə çəkilməsi, müəllim nüfuzunun azalması, etik prinsiplərin arxa plana keçməsi və kommersiya yanaşmalarının üstünlük qazanması təhsilin mahiyyətinə mənfi təsir göstərir. Bu tendensiyalar isə yalnız təhsil sisteminə deyil, bütövlükdə cəmiyyətin gələcək inkişafına ciddi risklər yaradır.

Təhsil eksperti Elçin Əfəndi Hit-az-a açıqlamasında bildirib ki, son zamanlar cəmiyyətin bəzi nümayəndələri tərəfindən təhsilə münasibətin dəyişdiyi müşahidə olunur:

391642

"Faktiki olaraq, ölkədə təhsilə dəyər anlayışı getdikcə sıradan çıxır. Bu da onu göstərir ki, dəyərlərimiz, xüsusilə təhsil sahəsində mənəvi aşınmaya məruz qalıb. Təhsil elə sahədir ki, burada milli-mənəvi dəyərlər, şəxsiyyət kimi formalaşmaq, öz məsuliyyətini dərk etmək, etik davranış normaları, təlim və tərbiyə bir bütöv halında cəmləşir".

Ekspert qeyd edib ki, bütün bunlara riayət etməklə və təhsilin qarşımıza qoyduğu öhdəlikləri yerinə yetirməklə bu sahəyə dəyər qatmaq, təhsili layiqincə qiymətləndirmək lazımdır:

"Mövcud vəziyyət insanlar getdikcə təhsildən uzaqlaşdığını, fərqli istiqamətlərə daha çox meyl etdiyini göstərir. Düşünürəm ki, təhsil almadan şou və bloqerlik sahəsinə yönələnlərin sayının artması cəmiyyətdə deqradasiya prosesinin güclənməsinin təzahürüdür.

Ona görə də müvafiq qurumlar həmin istiqamətdə konkret tədbirlər görməlidirlər. Məsələn, təbliğat yönümlü işlər artırılmalı və cəmiyyət təhsilə təşviq edilməlidir. İnsanlar təhsilin mühüm bir dəyər olduğunu dərk etməlidirlər. Bu məsələlərə mütləq diqqət yetirilməlidir".

Günel

0