Azərbaycanda tədris proqramı dəyişdirilir: "Dövrün tələbidir"

SOSİAL
10:58 / 12.02.2026
130

Azərbaycanın rəqəmsal transformasiya prosesinin sürətləndiyi dövrdə təhsil sisteminin bu dəyişikliklərə uyğunlaşdırılması mühüm prioritetlərdən biri kimi gündəmə gəlir. 

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə çıxışı zamanı kadr hazırlığının strateji əhəmiyyət daşıdığını vurğulayaraq, xüsusilə orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramında dəyişikliklərin zəruriliyini qeyd edib:

"Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir".

Dövlət başçısı gələcəkdə bu sahədə ixtisaslı kadr çatışmazlığının yarana biləcəyini nəzərə alaraq, həm ali təhsil müəssisələrində, həm də xaricdə təhsil alan tələbələrin peşəkarlığının artırılmasının vacibliyinə diqqət çəkib. Bu isə təhsilin bütün pillələrində, xüsusilə də orta məktəblərdə yeni yanaşmaların tətbiqini aktuallaşdırır.

 

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti dövr üçün tədris proqramında şagirdlərin yeni texnologiya, süni intellek və rəqəmsallaşma ilə bağlı biliklərin formalaşması ilə mövzuların yer alması öhdəliyi qoyulub: 

"Bu məsələ Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən bəzi dərsliklərdə yer alacaq. İbtidai təhsil pilləsində “Həyat bilgisi”, “İnformatika” dərsliyində məlum mövzulara geniş yer veriləcək. Nəzərə almaq lazımdır ki, dövr də bunu tələb edir. Ona görə rəqəmsallaşma istiqamətində müvafiş işlər görülür. 

Hətta dünyanın bir çox ölkəsində süni intellektdən geniş istifadə olunur. Bu istiqamətdə şagirdlərin bilik və bacarıqlarının, eləcə də ilkin biliklərin formalaşması üçün informasiyarın yer alması vacibdir. Eyni zamanda, Rəqəmsal İnkişaf və Elm və Təhsil Nazirliyi istiqamətində də təhsil müəssisələrində maarifləndirmə işləri keçirilməlidir".

 

Təhsil eksperti Elçin Murad Hit.az-a açıqlamasında bildirib ki, rəqəmsallaşdırma məsələsinin mərhələ-mərhələ həyata keçirilməsi gözlənilir:

"Bunun üçün ilk növbədə məktəblərdə şagirdlərə maarifləndirici seminarlar təşkil edilməli və ya fənn müəllimləri bu məsələ ilə bağlı şagirdə müəyyən istiqamət verməlidir. İlkin mərhələdə rəqəmsallaşdırma əyani vəsaitlərlə paralel olmalıdır, daha sonra isə şagirdlərin yeni prosesi mənimsəyib-mənimsəmədiyinə nəzarət edərək əyani vəsaitləri tədricən sıradan çıxarmaq olar. Buna baxmayaraq, əyani vəsaitlərin tam aradan qaldırılacağını düşünmürəm, çünki şagirdin kitab oxumaq vərdişi həmişə olmalıdır".

Günel

0