Son zamanlarda Azərbaycanda boşanmaların sayı yenə də artmağa davam edir.
Statistik rəqəmlərə nəzər salsaq görərik ki, boşanma sayı nəinki ildən ilə, hətta aydan-aya belə sürətlə artır. Təkcə bu ilin yanvar ayında 1779 nikah pozulub. Bu problemin qarşısını almaq üçün rəsmi və ictimai şəxslər müxtəlif təklif və fikir səsləndirir.
Bu günlərdə isə müğənni Eldəniz Məmmədov boşanmalarla bağlı təklifi ilə gündəm olub. O, Türkiyədə tətbiq olunduğunu iddia etdiyi cərimə modelini nümunə göstərərək, boşanan şəxslərə 50 min dollar məbləğində cərimə tətbiq edilməsini təklif edib. Onun bu təklifi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, hətta bu barədə tənqidi fikirlər yazılıb.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, Azərbaycanda ailə institutu artıq məhv olmaq üzrədir:
"Boşanmaların ildırım sürəti ilə artması bunu açıq şəkildə göstərir. Zaman-zaman boşanmaların qarşısını almaq üçün müxtəlif təkliflər səslənir. Həmin təkliflərdən biri də Eldəniz Məmmədova məxsusdur. O, boşananların cərimə olunmasını gündəmə gətirib. Lakin hesab edirəm ki, bu fikir doğru deyil. Çünki insan ayrılmaq istəyirsə, ayrılacaq, onu hər hansı bir güc saxlaya bilməz".
Onun sözlərinə görə, cərimə sadəcə kağız üzərində boşanmanın sayını azalda bilər, ancaq sağlam ailələrin sayını artırmayacaq:
"Axı gedən insanı necə saxlamaq olar? Əslində, boşanmaların qarşısını almaq üçün nikah öncəsi müəyyən işlərin görülməsi vacibdir. Maarifləndirmə işləri artırılmalı, psixoloji xidmətlər isə əlçatan olmalıdır. Ailənin dəyəri gənclərə elə aşılanmalıdır ki, xırda sözü gələcəkdə problem etməsinlər. Bu gün boşanan cütlüklərin əksəriyyətinin ayrılma səbəbi adi, xırda məişət məsələləridir. Həmin xırda problemi böyüdürlər, sonda isə yolları məhkəmədən keçir".
Günel


